Ali məktəblərə qəbulun nəticələri açıqlandı

 Ali məktəblərə qəbulun nəticələri açıqlandı
  09 Avqust 2019    Oxunub:6450
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən Azvision.az-a verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u (iş nömrəsinin sonuna "8" rəqəmi əlavə olunur) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 21 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən, 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Azvision.az


Teqlər: DİM   Tələbə   Qəbul  





Xəbər lenti