Gədəbəydə 23,5 kilometrlik yol yenidən qurulur

  23 İyul 2019    Oxunub : 1115
Gədəbəydə 23,5 kilometrlik yol yenidən qurulur
Gədəbəy rayonunda 23,5 kilometrlik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 kilometr)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, IV texniki dərəcəli yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolu başlanğıcını Gədəbəy-Novosaratovka-Qaravəlilər yolundan götürür. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni torpaq yatağı inşa edilib, mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün yolboyu 11 yerdə müxtəlif diametrlərə malik 143 poqonmetr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa, 3 yerdə 39 poqonmetr uzunluğunda dördbucaqlı su keçidi, həmçinin monolit dəmir-beton istinad divarı inşa edilib. Hazırda yolun 140 min kvadratmetrdən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol kənarında 800 poqonmetr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Sözügedən yolun əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqdır.

Azvision.az

Teqlər: Gədəbəy   Yol