İŞİD-çilərin əsir saxlanılan uşaqları - Hamı onlardan imtina edir

   İŞİD-çilərin əsir saxlanılan uşaqları -    Hamı onlardan imtina edir
  25 İyun 2019    Oxunub:2962
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya və İraqdakı düşərgələrdə saxlanılan İŞİD-çilərin ailə üzvlərinin sərbəst buraxılmasını tələb edir.

Azvision.az xəbər verir ki, BMT-nin İnsan Haqları Ali Komissarı Mişel Baçelet düşərgələrdə saxlanılan və ittiham edilməyən əcnəbi vətəndaşları geri qaytarmaq üçün onların vətəndaşı olduğu ölkələrə çağırış edib.
BMT nümayəndəsi Suriya Demokratik Qüvvələrinin nəzarətində olan Al-Hol düşərgəsində vəziyyətin “qəbuledilməz” olduğunu bəyan edib. Düşərgələrdə 55 minə yaxın insanın saxlanıldığı ehtimal edilir.

Bəzi ölkələr bu düşərgələrdə olan vətəndaşlarını geri qaytarmaq istəmir. Səbəb olaraq prosesin çətinliyi və ictimaiyyətin İŞİD-çilərin geri qayıtmasına etirazı göstərilir. Hətta bəzi ölkələr Suriya və İraqda doğulan uşaqları vətəndaş olaraq qəbul etmirlər. Bu mənada Baçelet xüsusilə uşaqların hüquqlarının pozulduğunu vurğulayıb.

“Cəzası olmayan şəxslərin saxlanılması qəbuledilməzdir. Mühakimələr beynəlxalq müstəvidə olmadığı üçün bu insanlar ölkələrinə geri göndərilməlidir. Ölkələr Suriya və İraqda vuruşan vətəndaşlarının uşaqlarını da vətəndaş olaraq qəbul etməlidirlər, başqa cür ola bilməz. Hazırda çətin günlər yaşayan uşaqları vətənsiz buraxmaq düzgün deyil”.

BMT nümayəndəsi əlavə edib ki, İŞİD-çilərin orada 29 minə yaxın uşağı var. Uşaqların 20 minə yaxını iraqlı, qalanları isə 50 müxtəlif ölkələrin “döyüşçüləri”nin uşaqlarıdır. Fransa, Rusiya, Mərakeş, Səudiyyə Ərəbistanı, Avstraliya və Hollandiya bu günə qədər bəzi uşaqları geri qaytarıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: BMT   İŞİD  





Xəbər lenti