NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək

 NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək
  13 Fevral 2019    Oxunub:1638
NATO hətta “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilə öz qüvvəsini itirdikdən sonra da Avropada yeni yerüstü nüvə raketləri yerləşdirməyəcək.
Azvision.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Rouz Qettemüller “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

Bildirib ki, bu gün və sabah alyansın Brüsseldəki baş qərargahında keçiriləcək üzv dövlətlərin müdafiə nazirlərinin görüşündə başlıca müzakirə mövzularından biri də “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilə ətrafında yaranan vəziyyət və NATO-nun buna mümkün reaksiya tədbirlərinin müəyyənləşdirilməsi olacaq.

“Biz, Rusiyanın yeni raketlərinə necə cavab verməli olacağımızı müzakirə edəcəyik. Bununla belə, Avropada nüvə silahına malik yeni yerüstü raket sistemlərini yerləşdirmək planımız yoxdur. Müqavilə ilə bağlı problemlərin yoluna qoyulması naminə danışıqlar üçün qapı əvvəlkitək açıqdır və əgər Rusiya “9M729” raketlərini məhv edərsə, Vaşinqton müqaviləni qoruyub saxlamağa hazırdır” – Qettemüller vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Vaşinqton   NATO   Avropa  





Xəbər lenti