Almaniya PKK-nın mətbuat orqanlarını bağladı

  12 Fevral 2019    Oxunub : 846
 Almaniya PKK-nın mətbuat orqanlarını bağladı
Almaniya hökuməti PKK terror təşkilatına işləyən “Mesopotamiya” nəşriyyat evinin və “MIR Multimedia” şirkətinin fəaliyyətini qadağan edib.

Azvision.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, adı çəkilən mətbuat orqanlarının fəaliyyəti dərnəklər haqqında qanuna uyğun şəkildə daxili işlər naziri Xorst Zeexoferin birbaşa təlimatı ilə dayandırılıb.

Şimali Ren Vestfaliya və Aşağı Saksoniya əyalətlərindəki bu şirkətlərə məxsus bəzi məkanlarda aparılan yoxlamalar zamanı materiallara həbs qoyulub. Bundan əvvəl mətbuat orqanlarının ofislərindəki axtarışlar zamanı əldə olunan dəlillər isə hər iki şirkətin PKK-nın təşkilatı koordinasiyasının təmininə xidmət etdiyinə dair şübhələri təsdiqləyib. Eyni zamanda, “Mesopotamiya” və “MIR Multimedia” adı altında işləyən bu şirkətlərin PKK-nın xeyrinə ticarət əməliyyatları apardıqları və fəaliyyətlərindən əldə olunan gəlirləri terror təşkilatına ötürdükləri də üzə çıxıb.

Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında, həmçinin vurğulanıb ki, 1993-cü ilən etibarən PKK-nın qadağan olunmuş terror təşkilatları siyahısına salınmasına rəğmən, bu qruplaşma Almaniyada 14 min 500 nəfərlik ən çox tərəfdarı olan xarici terror təşkilatıdır və bu gün də öz fəaliyyətini aktiv şəkildə davam etdirir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: PKK   Almaniya