Suriyaya növbəti zərbə: 70 sakin ölüb

  12 Fevral 2019    Oxunub : 656
Suriyaya növbəti zərbə: 70 sakin ölüb
ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətinin Baquz kəndindəki qaçqın düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində 70 dinc sakin həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “Ikhbariya ” dövlət televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, dinc insanların əksəriyyəti terrorçulardan qaçıb xilas olmağa çalışarkən avtomobillərdə diri-diri yanıblar.

Qeyd edək ki, ötən həftənin şənbə günündən etibarən ABŞ-ın dəstəklədiyi və əsasən kürd silahlılarından ibarət Suriya Demokratik Qüvvələrinin Baquz kəndinə hücumları başlayıb.

Kürdlərin rəsmi nümayəndəsinin “Reuters”ə verdiyi məlumata görə, Baquz İŞİD-in əlində olan son məntəqədir və koalisiyanın havadan dəstəyi ilə buranı terrorçulardan azad edəcəklər. Onlar həmçinin, bunun Suriya ərazisində İŞİD-ə qarşı son hücum olduğunu deyiblər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Baquz   ABŞ   Deyr-əz-Zor