YAP:“Azərbaycanda terror təhlükəsi yoxdur”

  07 Mart 2013    Oxunub : 341
YAP:“Azərbaycanda terror təhlükəsi yoxdur”
“Bu, sırf İranla İsrailin gərgin münasibətləri ilə bağlı addımdır”
Bunu AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Millət vəkili İsrailin öz vətəndaşlarına Azərbaycana getməməklə bağlı xəbərdarlığına münasibət bildirərək bu bəyanatın qeyri-obyektiv olduğunu qeyd edib. YAP-çı deputatın sözlərinə görə, İsrailin bu addımı atmasına səbəb İranla gərgin münasibətləridir.

“Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, heç bir terror təhlükəsi yoxdur. Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işləyir. Bu bəyanat doğru deyil. Azərbaycan hər bir vətəndaşın təhlükəsizliyini müdafiə edir. Hesab edirəm ki, bu, sırf İranla İsrailin gərgin münasibətləri ilə bağlı addımdır”,- deyə S.Novruzov bildirib.

Qeyd edək ki, İsrail ölkə vətəndaşlarına 12 ölkəyə və dünyanın digər ölkələrindəki 8 regiona səfər etməmək barədə xəbərdarlıq edib.Bu siyahıda postsovet respublikalarından yalnız Azərbaycanın adı var. Qərargah Azərbaycanda təhlükənin səviyyəsini “potensial” olaraq qiymətləndirib və İsrail vətəndaşlarına zərurət olmayacağı təqdirdə bu ölkəyə getməmək tövsiyə edilib.

AzVision.az

Teqlər: