Azərbaycanın məmurları: Onlar harada təhsil alıb? - DOSYE

Azərbaycanın məmurları: Onlar harada təhsil alıb? - DOSYE
  02 Noyabr 2013    Oxunub:7111
Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da nazirlər, deputatlar, vəzifəli şəxslər hər zaman diqqət mərkəzindədir. Onlar kimdirlər, harada təhsil alıblar, ixtisasları nədir, bu və bu kimi suallar həmişə insanları düşündürür, ictimaiyyət arasında geniş müzakirələrə yol açır.

AzVision.az bu dəfə Nazirlər Kabinetində təmsil olunan şəxslərin ixtisaslarını, onların hansı universitetlərdə təhsil almalarını araşdırıb.

Başlayaq elə, Nazirlər Kabinetinə başçılıq edən, baş nazir Artur Rasizadədən.

Baş nazir Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov inşaat mühəndisidir. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilib. 1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olub, 1964-1967-ci illərdə ordu sıralarında qulluq edib və 1968-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Baş nazirin müavini Elçin Əfəndiyev 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Baş nazirin müavini Abid Şərifov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Baş nazirin müavini, YAP-in icra katibinin sədri Əli Əhmədov Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsinin məzunudur.

Sabiq kənd təsərrüfatı naziri, baş nazirin müavini İsmət Abasov 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununda təhsil alıb.

Xarici İşlər naziri Elmar Məmmədyarov ali təhsilini 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsini başa vurub.

Daxili işlər naziri Ramil Usubov 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.

Yeni təyin olunan müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunudur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Hərbi Dairəsinin Altay Hərbi Komissiyarlığında çalışıb. 1986-1987-cü illərdə SSRİ Silahli Qüvvələrinin Baş Qərargahının Akademik kurslarını bitirib.

Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirib.

Müdafiə sənayesi naziri Yavər Camalov 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Vergilər naziri Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsində təhsil alıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

Kənd təsərrüfatı naziri, hesablama palatasının keçmiş sədri Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, 1989-1992-ci illərdə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib. 1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi alıb. 1992-ci ildə - Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib, ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb İnstitutunu bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsinə sahib olub. 1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edib və texnika elmləri doktoru adını alıb.

Energetika naziri Natiq Əliyev 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə təhsil alıb. İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində çalışıb.

Gənclər və idman naziri Azad Rəhimov 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb.

Nəqliyyat naziri Ziya Məmmədov Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu başa vurub.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, bir müddət Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində işləyib. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əmək fəaliyyətini davam etdirib. 1973-cü ildə həmin institutun aspiranturasına daxil olub və 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Azərbaycan Politexnik İnstitutunun məzunudur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyub.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 1971-ci ildə Azərbaycan Xalq təsərrüfatı İnstitutunu bitirib.

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 2002-2004-cü illərdə ABŞ-ın Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili alıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək "İqtisadçı" ixtisasına yiyələnib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev 1988-ci ildə İvanovo şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən təhsil alıb.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti