İki qurum korrupsiyaya qarşı birgə mübarizə aparacaq - VİDEO+FOTOLAR

  09 Oktyabr 2018    Oxunub : 2222
İki qurum korrupsiyaya qarşı birgə mübarizə aparacaq - VİDEO+FOTOLAR
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir siyasi və iqtisadi idarəetmə metodlarının vəhdəti şəklində həyata keçirilən dayanıqlı islahatlar kursunun prioritetlərindən biri kimi son illər ölkəmizdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi prosesində böyük nailiyyətlərə imza atılır. Bu istiqamətdə sərgilənən siyasi iradənin məntiqi nəticəsi kimi respublikamızın yerli və xarici sahibkarlar üçün əlverişli məkana çevrilməsi dünya birliyi tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilməklə Azərbaycanı bir daha beynəlxalq miqyasda qabaqcıl inkişaf modelinə sahib olan bir ölkə kimi tanıtmaqdadır.



Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılmasına, xüsusilə özəl sektorun mühüm hissəsini təşkil edən kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətliliyinin artırılmasına verilən dövlət təminatının etibarlılığını daha da gücləndirib.

Mövcud müsbət tendensiya eyni zamanda, dövlətin bu sahədə fəaliyyətinə kölgə sala biləcək neqativ hallara, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizənin kəsərliliyinin artırılmasını da aktual məsələyə çevirir.



Qeyd edilən zərurətdən irəli gələrək, Agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində cari il oktyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında sahibkarların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub.



Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ilk növbədə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. K.Əliyev hazırkı sənədin imzalanmasının istər tərəflər arasında sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə edib.



Həmçinin, çıxışında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclası zamanı verdiyi göstəriş və tapşırıqları xatırladan K.Əliyev, bu mühüm sahədə tərəflərin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulacaq birgə fəaliyyətinin dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb.



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkəmizdə kiçik və orta biznesin inkişafını stimullaşdıran tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması və dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması kimi mühüm komponentləri əhatə edən əlverişli hüquqi zəmin və sağlam iqtisadi mühit yaradılmasının sevindirici hal olduğunu qeyd edib.



Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən O.Məmmədov agentlik tərəfindən ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara müvafiq xidmətlərin göstərilməsi, habelə dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsinin və tənzimlənməsinin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə, eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına xidmət edəcəyini vurğulayıb, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib. İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.



Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

AzVision.az

Teqlər: Memorandum