Biləsuvarda 1089 ədəd hərbi sursat tapılıb

Biləsuvarda 1089 ədəd hərbi sursat tapılıb
  30 Sentyabr 2018    Oxunub:2517
Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş əraziyə sentyabrın 29-da baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 6200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib.

İyirmi yeddi gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1089 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 185400 kvadratmetr əraziyə yerüstü və 20 min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti