Gənc Həkimlərin 3-cü Türkiyə Forumu bitdi

Gənc Həkimlərin 3-cü Türkiyə Forumu bitdi
  15 Oktyabr 2013    Oxunub:1539
Azərbaycanlı Gənc Həkimlərin 3-cü Türkiyə Forumu öz işini başa vurub.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki,Azərbaycanlı gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin 3-cü Türkiyə Forumu 2 günlük fəaliyyətin ardından öz işini başa vurub.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Ankara Universitetinin Ümumi cərrahiyyə kafedrasının professoru Semih Baskan, universitetin Tibb fakültəsinin Ürək-damar cərrahiyyəsində uzmanlıq (rezidentura) təhsili alan Fərid Qasımzadə, həmin universitetin Urologiya bölməsində uzmanlıq təhsili alan Pərviz Hacıyev, Hacəttəpə Universitetinin Tibb fakültəsinin Beyin cərrahiyyəsində təhsil alan Şahin Xanəlioğlu və bir qrup tələbə ilə bərabər Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) sponsorluğu ilə 12-13 oktyabr 2013-cü il tarixində Ankara Universitetinin Tibb fakültəsində forum təşkil edilib.

3-cü Türkiyə Forumunun məqsədi "Biz Azərbaycanın gələcək həkimləri olaraq, ölkəmizin səhiyyə sisteminin daha da inkişaf etməsi üçün nə edə bilərik?" sualını müzakirə etmək olub.
Adıçəkilən forumda 300-dən çox həkim, uzmanlıqda və tibb sahəsində təhsil alan tələbələr, eyni zamanda, Almaniya, Rusiya və Amerikada tibb sahəsində təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin açılışını edən forumun təşkilatçısı F.Qasımzadə əvvəlki forumlardan bilgi və təcrübə topladıqları üçün builki forumun daha geniş keçirildiyini qeyd edib.
Forumun aktiv təşkilatçılarından olan Ş.Xanəlioğlu isə ölkəmizdə səhiyyə sahəsindəki problemlərə diqqət çəkərək, belə forumların keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri N.Nəsibova çıxış edərək, Türkiyədə uzmanlıq təhsili alan tələbələrimizin universitetlərdə təhsil aldıqları müddətdə mükəmməl bilik əldə etdiklərini vurğulayıb, Türkiyədə məzun olub Azərbaycana qayıdan həkimlərin ölkəmizdə aktiv fəaliyyətindən bəhs edib. O, təhsilini davam etdirən tələbələrimizə ölkəmizdə onlara daha çox ehtiyac olduğunu bildirib, ölkəyə dönüb xalqımıza xidmət etmələrini tövsiyə edib.
Tədbirdə iştirak edən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlı universitetin nəzdində yüksək standartlara cavab verən son model tibbi avadanlıqlarla təçhiz olunmuş xəstəxanadan danışıb, gənclərimizi slayd vasitəsilə xəstəxananın imkanları ilə tanış edib.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev son illərdə ölkəmizin səhiyyəsinin inkişafından danışaraq, Səhiyyə Nazirliyinin bilikli, savadlı gənc həkimlərə çox böyük ehtiyacının olduğunu bildirib, onları nazirliyin təklifləri ilə tanış edib və tələbələrimizi maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Hacəttəpə Universitetinin rektoru Murat Tuncer, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Adanadan olan millət vəkili Necdet Ünüvar çıxış edərək, Türkiyənin qardaş ölkə üçün kadr yetişdirməkdən məmnun olduğunu bildirib, gənc həkimlərə öz məsləhətlərini verib və uzman tələbələrimizin problemləri ilə bağlı suallarını cavablandırıblar.

Tələbələrimizə forumun keçirilməsində dəstək olan Ankara Universitetinin Ümumi cərrahiyyə kafedrasının professoru S.Baskan, İstanbul Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasının professoru Kazım Bəşirli və digər professorlar çıxış edərək dünya səhiyyə sahəsində tanınmış alimlərin bilik və təcrübələrindən danışıb, tələbələrimizə tibbin hər sahəsində, xüsusilə, xəstə-həkim münasibətləri haqqında dəyərli tövsiyələr veriblər. Daha sonra Amerika və Almaniyada uzmanlıq təhsili alan tələbələrimiz öz bilik və təcrübələrini Türkiyədə təhsil alan tələbələrimizlə paylaşıblar.

Türkiyənin Ankara Universitetində keçirilən Azərbaycanlı Gənc Həkimlərin 3-cü Türkiyə Forumu Türkiyədə uzmanlıq təhsili alan tələbələrimizin ölkəmizin səhiyyə sistemini yaxından tanıması və bir-biriləri arasında yaranan iş birlikləri baxımından gələcəkdə ölkəmiz üçün çox faydalı olacaq.

Qeyd edək ki, 2011-ci ildə Hacəttəpə Universitetində I, 2012-ci ildə Egey Universitetində isə II forum keçirilmişdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra müasir standartlara uyğun tibb təhsili almaq məqsədilə bu günə qədər 500-ə yaxın gəncimiz tibb sahəsində uzmanlıq (rezidentura) təhsili almaq üçün Türkiyəyə gəlib. Onların 100-dən çoxu məzun olub və hazırda ölkəmizdə aktiv fəaliyyət göstərirlər. Bu gün də Türkiyənin tibb fakültəsi olan bir çox universitetlərində və Səhiyyə Nazirliyinə bağlı araşdırma xəstəxanalarında 350-yə yaxın vətəndaşımız tibbdə uzmanlıq təhsili alır. Onlardan 100-ə yaxını İstanbul Universitetində, 60-a yaxını Hacəttəpə Universitetində, 50-yə yaxını Ankara Universitetində və s. təhsil alır.


Teqlər:





Xəbər lenti