Pensiyaları necə artırmaq olar - TƏHLİL

Pensiyaları necə artırmaq olar - TƏHLİL
  05 Mart 2013    Oxunub:2490
Əmək pensiyalarının baza hissəsi tezliklə artırılacaq. Keçən il ölkədə inflyasiya səviyyəsi cəmi 1,1% təşkil ediyindən, bu ilin yanvarın 1-dən pensiyaların sığorta hissəsi çox az artdı. Odur ki, ümid yalnız baza hissəyə qalıb.
Hazırda əmək pensiyalarının baza məbləği 2010-cu ilin sentyabrın 1-ə 13,6% artırıldıqdan sonra 85 manat səviyyəsindədir. Ölkədə 2006-cı il yanvarın 1-dən yeni sığorta-pensiya sistemi işə düşdükdən 2010-cu ilin oktyabrιn 1-inədək olan dövr ərzində o, 3,4 dəfə artırılmışdır ki, bu zaman orta aylıq əməkhaqqı üzrə həmin rəqəm 4 dəfə təşkil edib.
2006, 2007 və 2008-ci illərdə pensiyaların baza məbləği hər dəfə 5-10 manat səviyyəsində olmaqla, ildə 2 dəfə artırılıb. 2009-cu ildə isə artım həyata keçirilmədi. Ümumiyyətlə, ölkədə yaşa görə əmək pensiyalarının baza məbləği hər dəfə minimum əməkhaqqı ilə eyni zamanda və bərabər səviyyədə artιrιlιb.
2011-ci ildə isə bu ənənə pozuldu: ilin sonunda ölkədə minimum əməkhaqqı məbləği 93,5 manat müəyyən edilməklə, bir sıra sosial ödənişlər daxil, büdcədən maliyyələşdirilən qurumlarda çalışan işçilərin də Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları artιrιlsa da, minimum pensiya məbləği 85 manat qaldι. İndi onun 85 manatdan 105 manata, 2014-cü ildə 110, 2015-ci ildə isə 115 manata qaldırılacağı gözlənilir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ölkədə pensiya məbləğlərinin yüksəldilməsinin həmişə sosial sığorta daxilolmalarından asılı olduğunu deyir. Əməkhaqqlarının leqallaşdırılması və işçilərin qeydiyyatının düzgün aparılmasından da çox şey asılı olduğu bildirilir.
Əmək pensiyalarının sabit və dayanıqlı maliyyələsdirilməsi üçün şūbhәѕiz ki, bunlar vacibdir. DSMF-in gəlirləri sabit və artan tendensiya üzrə inkişaf etməlidir ki, həm mövcud pensiya məbləğləri vaxtında ödənilsin, həm də bu sahədə artımı istənilən səviyyədə həyata keçirtmək mümkün olsun.
Fondun büdcəsinə diqqət yetirsək, onun gəlirlərinin strukturu məcburi dövlət sosial sığorta haqqları, dövlət büdcəsindən transfert və sair hesablardan olmaqla, cəmi 3 hissədən ibarətdir. Xərclər hissəsi isə 6 istiqamətdə nəzərdə tutulur. Büdcənin vəsaitinin əsas hissəsi - 1,55 milyard manatı məcburi dövlət sosial sığorta haqqları hesabına formalaşır.
Sual olunur ki, belə şəraitdə pensiyaları istənilən vaxtda və səviyyədə artırmaq mümkündürmü? Sözsüz k, yox... Odur ki, vəziyyətdən çıxış yolu sosial sığorta haqqlarını həm üfiqi, həm də şaquli istiqamətdə genişləndirməkdən və yaxud dövlət büdcəsndən transferti artırmaqdan keçir.
DSMF-in 2013-cü il büdcəsində dövlət büdcəsindən transfertin məbləği 1,077 milyard manatdır ki, keçən il bu məbləğ 1,044 milyard təşkil edirdi. Transferti bundan artıq həyata keçirtmək düzgün deyil, o səbəbdən ki, əhalidən gəlir vergisi tutulmasından əlavə sosial sığorta haqqları da toplanırsa, DSMF-a ölkənin əsas maliyyə sənədindən hər il həyata keçirilən transfert əslində tədricən, azaldılmalıdır.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı”nda sosial sığorta daxilolmalarını yüksəltməyin, əməkhaqqlarını leqallaşdırmaqla, işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etməyin mühüm bir vәzifә kimi qarşιya qoyulması da əslində, bu məqsədi daşıyır. Xatırladaq ki, hәmin sənədə əsasən məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini işəgötürənlə işçi arasında hazırki 22+3% nisbətindən 20+5%-lə əvəz etmək nəzәrdә tutulur.
DSMF-in sədri Səlim Müslümovun son açıqlamasına istinad etsək isə, bu sahədə əsas hədəfin bundan da fərqli olduğunu görərik. Belə ki, 20+5% nisbətini birincini ardıcıl olaraq azaldaraq, ikincini artırmaq yolu ilə 12,5%-ə çatdırmaq və hər ikisini bərabərləşdirmək istənilir.
Halbuki, mövzuya dair şərhimizdə yazmışdıq ki, hazırki 22+3% nisbətini ilkin mərhələdə 20+5%-lə əvəzləmək işəgötürənlər üçün müsbət nəticə versə də, işçilərin əməkhaqqlarından tutulan ayוrmanın 5%-ә qaldırılması eyni nəticəni göstərməyə də bilər.
Çünki ölkədə əhalinin əksər hissəsinin aldığı əməkhaqqılara görə fiziki şəxslərdən gəlir vergisinin səviyyəsi yüksəkdir. Ona görə də, ölkədə il ərzində yığılan ümumi vergi məbləğində fiziki şəxslərdən gəlir vergisi məbləğinin payını yüksəltmək məqsədilə qeyd olunan nisbəti ilkin mərhələdə 17+3% nisbətdə etmək əslində, daha məqsədəuyğun olardı.
Ancaq belə görünür, DSMF-in rəhbərliyi məcburi dövlət sosial sığorta haqqları üzrə ümumi 25%-lik yığım dərəcəsini dəyişmək niyyətində deyil. Əvəzində, ölkədə əmək haqları artdıqca işçilərdən tutulan sosial ayırmanı 3%-dən 5%-ə, sonra 8-ə, axırıncı mərhələdə isə 12,5%-ə çatdırmaq nəzərdə tutulur.
Real olaraq, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isә maaşlarוndan 3% sosial ayוrma tutulmasının kifayәt qәdәr ağır “yük” olduğu isə bəlli məsələdir.
Həmçinin, ölkədə minimum pensiya məbləğinin artım tempinin sosial sığorta daxilolmalarının həcmindən asılı olduğunu düzgün saysaq da, bunun bilavasitə işçilərin əməkhaqqlarından tutulan sosial ayırmaya bağlılığı da tam məntiqi deyil.
Doğrudur, sosial ayırmaya dair vergi yükünün işəgötürənlə işçi arasında bərabər səviyyədə və yaxud olduqca az fərqlə bölüşdürülməsi qonşu ölkələrdə artιq çoxdan tədbiq edilir. Odur ki, işçilərin gələcək sosial müdafiəsinin tәşkili baxımından bu addım bizdə də atılmalıdır.
Lakin bu məsələyə fiziki şəxslərdən gəlir vergisi dərəcələrinin aşağı salınmasıyla paralel baxmaq bizcə, daha məqsədəuyğun olardı.
Başqa sözlə desək, ölkədə ya maaşlar kəskin artırılmalı, ya da məcburi sosial sığorta haqqlarının yığım səviyyəsini qaldırmaq üçün digər növ vergi dərəcələri aşağı salınmalıdır ki, pensiyaları da istənilən səviyyədə artırmaq mümkün olsun.




Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:





Xəbər lenti