Elman Rüstəmov devalvasiyanın olmayacağını bəyan etdi - VİDEO

Elman Rüstəmov devalvasiyanın olmayacağını bəyan etdi - VİDEO
  11 Aprel 2018    Oxunub:9374
"Ölkəmizdə makroiqtisadi sabitlik mövcuddur. Bunun çox ciddi iqtisadi dayaqları var. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb"
Bunu AzVision.az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib. Manatın zəifləyəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirən baş bankir bunun real olmadığını vurğulayıb.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan, manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur".



E.Rüstəmov qeyd edib ki, rəsmi məzənnə sabitdir: "Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə ölkənin baş bankiri söyləyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Elman-Rüstəmov   Manat   Dollar   Devalvasiya  





Xəbər lenti