Regionun gələcəyi Bakıda müzakirə edildi - VİDEO+FOTOLAR

Regionun gələcəyi Bakıda müzakirə edildi - VİDEO+FOTOLAR
  15 Mart 2018    Oxunub:5433
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.
AzVision.az xəbər verir ki, hazırda paytaxt Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü baş tutub.

Görüşdə nazirlər Bakı bəyannaməsi imzalayıblar.



Elmar Məmmədyarov bildirib: "Yeni yaranmış bu format regional əməkdaşlıq üçün çox vacibidir. Hansı sahələri əhatə edəcəyinə dair Bakı bəyannaməsi qəbul olunacaq. Əgər biz müxtəlif nəqliyyat dəhlizlərindən danışırdıqsa, indi bir nəqliyyat istiqamətindən danışırıq. Bu, Cənub-Qərb istiqamətidir. Bu, bizim ölkələri birləşdirir. Format müxtəlif sahələrdə əməkdaşlıq üçün bir imkandır".

Mixeil Canelidze: "Bu gün tarixi bir gündür. Bu, yeni formatdır. Bizim çox yaxşı ikitərəfli və üçtərəfli əlaqələrimiz var. Yeni format bizə əməkdaşlığımızı artırmağa imkan verəcək".



Məhəmməd Cavad Zərif: "Bu, sizin başlatdığınız önəmli təşəbbüsdür. Təşəbbüs bizim maraqlarımıza cavab verir. Yeni nəqliyyat koridoru hər iki qitəni birləşdirməyə imkan verəcək. Yeni nəqliyyat dəhlizi nəyinki ölkələrimizin, həm də xalqalarımızın marağındadır".

Mövlud Çavuşoğlu: "Bu format bizə önəmli infrastrukturlar - xüsusilə nəqliyyat və enerji sahəsində layihələr həyata keçirməyə imkan verəcək. Həmçinin bu format bizə ticarət səviyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək".



Qeyd edək ki, XİN rəhbərlərinin görüşündə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: XİN   Görüş   Azərbaycan   Türkiyə   Gürcüstan   İran  





Xəbər lenti