Davosda Antiazərbaycan şəbəkəsi ifşa olundu - Prezidentin çıxışına şərh

Davosda Antiazərbaycan şəbəkəsi ifşa olundu -
 Prezidentin çıxışına şərh
  25 Yanvar 2018    Oxunub:15647
Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində iştirak edib. Ölkə başçısı çıxışı zamanı Azərbaycanda medianın azad olmadığına dair tənqidlərin əsassız olduğunu bildirib. Prezident diqqətə çatdırıb ki, ölkəmizdə media tamamilə azaddır.
"Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz" - Prezident vurğulayıb.

Ölkə başçısı Davos Forumunda Azərbaycana qarşı təzyiqlərin səbəbini açıqlayıb. İnsan haqları ilə bağlı Azərbaycan əleyhinə aparılan kampaniyaların reallıqla heç bir əlaqəsinin olmadığı deyən prezident bunun siyasi zəmindən qaynaqlandığını bildirib:



Dövlət başçısı deyib: “Bu yanaşmalar Qərbdəki bəzi mərkəzlərin qərəzli münasibətindən doğur. Bəs səbəb nədir? Səbəb çox sadədir: Çünki, Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasət yürüdən ölkədir. Biz ölkəmiz üçün mürəkkəb vəziyyətlər, çətinliklər yarada biləcək macəralara baş qoşmuruq. Bizim daxildə heç bir problemimiz yoxdur, ölkəmizdə iqtisadi-siyasi sabitlik var, üzləşə biləcəyimiz bütün potensial risklər yalnız xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara qoşmağa cəhdlər olub, amma biz heç kimin əleyhinə oyunlara qoşulmuruq və maraqlarımza zidd olan, riskli kampaniyalarda iştirak etmirik. Ona görə də, bizə qarşı hücumların əsas səbəblərindən biri bu ola bilər ki, bəziləri Azərbaycan kimi o qədər də böyük olmayan bir ölkənin həddindən artıq müstəqil siyasət yürütdüyünü hesab edirlər. Və bəzi QHT-lər tərtib etdikləri reytinqlərlə bizim reputasiyamıza xələl gətirmək məqsədi güdür, Azərbaycanı qeyri-demokrtik ölkə kimi təqdim etməyə çalışırlar ki, bu da yalandır”.

Milli Məclisin deputatları Azərbaycan Prezidentinin Davosda iştirakı və ölkəmizə qarşı hücumlarla bağlı çıxışına münasibət bildiriblər.



Millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, Davos Forumu ildən-ilə dünya siyasətində çox mühüm yer tutmağa başlayır və ölkəmizin orada təmsil olunması olduqca əhəmiyyətlidir:

“Davos faktiki olaraq dünyanın yeni iqtisadi-siyasi sammitidir. Burada dünya dövlətləri ilə yanaşı iri şirkətlər, həmçinin dünyada ictimai fikirə təsir edə bilən simaların iştirakı aktual məsələlərin müzakirəsini mümkün edir. Həmçinin qeyri-rəsmi görüşlərdə dövlətlər və şirkətlər özləri üçün uğurlu olan variantların müzakirəsini təşkil edə bilirlər. Azərbaycan xeyli müddətdir bu forumda iştirak edir. Ölkə başçısının Davosda iştirakı daim gözlənilir və onun çıxışları diqqət çəkir. İlk növbədə cənab prezidentin apardığı siyasət nəticəsində dünyaya Azərbaycan modeli, Azərbaycan standartlarını təqdim etmək mümkün oldu. Yeni müstəqillik qazanmış, həmçinin ərazisinin bir hissəsi işğal olunmuş dövlət bu gün iqtisadi rəqabət reytinqində 35-ci yerə çıxıb. Hansı ki, bu reytinqdə Çin 29-cu, Rusiya isə 38-ci yerdədir. Azərbaycanın ancaq öz təbii resurslarına söykənməklə əldə etdiyi nəticələr göz qarşısındadır”.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan prezidentinin Davosda keçirdiyi görüşlər və çıxışlar bir daha göstərir ki, ölkəmiz bundan sonra da müstəqilliyini qorumaq və onu möhkəmləndirmək əzmindədir:

“Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın müstəqilliyi bir reallıqdır. Müstəqilliyimizi zəiflətmək və ya müstəqilliyi formal hala salaraq Azərbaycanı öz təsiri altına almaq istəyən qüvvələr var. Amma, bu heç zaman baş tutan deyil. Çünki ortada Azərbaycan xalqının illər sonra əldə etdiyi müstəqilliyi möhkəmləndirmək və gücləndirmək istəyi mövcuddur. Azərbaycan o dövlətlərlə əməkdaşlıq edir ki, bizim ümumi maraqlarımız var. Əməkdaşlıq beynəlxalq hüquq normalarına cavab verir. Ancaq Ermənistanın torpaqlarımızın bir hissəsini işğalda saxlaması inkişafımıza maneə olan məsələlərdəndir. Əgər Ermənistan və Azərbaycan üz-üzə qalsaydı, bu məsələ çoxdan həll edilmiş olardı. Təəssüf ki, Ermənistanın xarici dairələrdən dəstək alması özünü aqressiv aparmağa və beynəlxalq hüququ tapdalamağa imkan verir. Düşünürəm ki, bundan sonrakı görüşlərdə də Azərbaycanın qazandığı uğurları, inkişaf texnologiyasını dünyaya bariz şəkildə göstərmək mümkün olacaq”.

Deputat vurğulayıb ki, Azərbaycana qarşı təşkil edilən hücumlarda guya insan hüquqlarını “müdafiə” edən xarici dairələr diqqət çəkir: “Azərbacanda insa hüquqları qorunur, vətəndaşlar öz azadlıqlarından və hüquqlarından maksimum şəkildə istifadə edə bilirlər. Bu gün sərbəst şəkildə siyasi fəaliyyət, şəffaf və demokratik seçki, azad mətbuat var. Heç bir qüvvə, özünü ekspert adlandıran kəs Azərbaycanda insan hüquqlarının pozulduğunu, siyasi məhbus olduğunu iddia edə bilməz. Bunlar qərəzli yanaşmadır və Azərbaycanın uğurlarına kölgə salmaq məqsədi daşıyır”.



Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, peşə etikası, mənəvi, əxlaqi və obyektivlik sərhəddi olmayan sərhədsiz repartyorlar adlı böhtan ruporunun noyabr ayında açıqladığı yalanın Davos İqtisadi Forumu kimi ciddi platformada xatırladılması peşəkarlıq və aktuallıq baxımından doğru deyil.

“Azərbaycan prezidentinə belə sualın ünvanlanması təsadüfi deyildi. Görünür, yalanı yenidən təkrarlamaq və ölkəmizə təkrar qara yaxmaq üçün Azərbaycanı sevməyən bəzi mərkəzlərin əlinə fürsət düşmüşdü. Ancaq Prezident İlham Əliyev öz obyektiv və əsaslandırılmış cavabı ilə bu qərəzli sualdan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması imkanı kimi istifadə etməyi bacardı. Cənab Prezident qeyd etdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirib.

Təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur. Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.

Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bu sərrast və dəqiq cavabla hesablaşmamaq mümkün deyil. Cavab bizim dünya siyasətini obyektiv dərk etməyimiz üçün bir ip ucudur”, - deyə H.Babaoğlu vurğulayıb.



Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, ölkəmizə qarşı təzyiqlərə və şantaja əl atan bəzi antiazərbaycan dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir.

"Azərbaycanda azad sözün inkişafı üçün 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurası tamamilə aradan qaldırılıb. KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub. Mövcud olan hüquqi baza da vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır"- deyə S.Novruzov qeyd edib.

Komitə sədri hesab edir ki, bunlara baxmayaraq, Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, erməni lobbisi və antiazərbaycan dairələr qarayaxma kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Bu zaman “sapı özümüzdən olan baltalar”la yanaşı, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların, Soros Fondunun xidmətlərindən istifadə edirlər. Həmin təşkilatların hesabatlarında ölkəmizlə bağlı qərəzli və subyektiv mülahizələrə əsaslanan məqamlar yer alır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Davos   Azərbaycan   Deputat   Forum  





Xəbər lenti