"Sağala bilməyən Vərəm", yoxsa insanlarda olan qorxu

"Sağala bilməyən Vərəm", yoxsa insanlarda olan qorxu
  16 Dekabr 2017    Oxunub:10809
Vərəm. Xəstəliyin adı eşidildikdə belə insanların üzlərindəki mimika dəyişir, vərəmli olduqlarını bildikləri insanlardan uzaq gəzməyə başlayırlar. Bu gün cəmiyyətdə dəyişməyən streotiplərdən biri də vərəmə tutulmuş insanların sağalmasıdır- “vərəmə tutulmuş insan sağalmır və onlardan mümkün qədər uzaq durulmalıdır”. Vərəmlə bağlı yaranmış stiqmanın nəticəsidir ki, bu gün vərəm xəstələri öz xəstəliklərinin adlarını gizlətməyə çalışırlar, bu xəstəliyin daşıyıcısı olduğunu etiraf etməkdən utanırlar. İradə, özünə inam hissinin zəif olması da vərəmli xəstələrdə stiqmanı yaradan əsas səbəblərdən biridir. İlk dəfə vərəm diaqnozu eşidən kimi xəstələrin çoxu panikaya düşür, həyatlarının sona çatdığını düşünərək dərin psixoloji sarsıntı keçirirlər. Ətrafdakıların onlara qarşı ikrah hissi keçirdiklərindən şübhələnərək camaatdan qaçır, xəstəliklərini gizlədir, sağalmaz xəstəlik kimi təqdim edir, əsəbi və aqressiv olurlar. Əgər stiqma xəstənin özünü cəmiyyətdən təcrid edirsə, elə bu stiqmaya görə xəstəliyi barədə məlumatları gizlətməyə çalışan vərəmli insan onun xəstəliyindən məlumatsız olanları da birbaşa yoluxma riski altında qoyur.
Vərəm bir çox xəstəliklərlə müqayisədə sağala bilən və həyata dönüşü mümkün olan xəstəlikdir. Təki insan buna hazır olsun.

Ümumdünya Səhiyyə Təşkilatının hesablanmalarına görə, hava-damcı yolu ilə keçən vərəm xəstəliyinə 2015 ildə dünyada 10,4 million insan yoluxub ki, onlardan 5,9 million (56%) kişi, 3,5 million (34%) qadın və 1,0 million (10%) uşaq təşkil edib . 60% yeni xəstəlik Hindistan, İndoneziya, Cin, Nigeriya, Pakistan və Cənubi Afrika ölkələrinin payına düşür. ÜST-ün məlumatına əsasən, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır. Vərəm İİV və malariyadan daha çox ölümə səbəb olub. 1.8 million insan vərəmdən həyatını dəyişib (onlardan 0,4 million vərəm/IIV səbəbindən). 2015-ci ildə 1 million uşaq vərəm ilə xəstələnib və 210 000 uşaq vərəmdən həyatını dəyişib (40 000 İİV-li uşaq daxil olmaqla).

Uşaqlarda vərəm bir çox hallarda Səhiyyə Sanitar xidməti tərəfindən aşkar olunmur, səbəbi - onun diaqnostikası və müalicəsinin çətinliyidir. Vərəm İİV-li insanların ölümünün əsas səbəbindədir. 35% hallarda İİV-li insanların ölüm səbəbi - vərəmdir. 2015-ci ildə 78% qeydiyata alınmış vərəmli İİV-müsbət xəstələr antiretrovirus terapiyası alıb.
Bütün bu göstəricilərə baxmayaraq, dünyada vərəmlə xəstələnən isanların sayı azalır. 2000-2015 illər dövründə bu xəstəlikdən ölüm halları 22% azalıb. 2010 ildən ölüm hallarının ən yüksək azalma tempi Şərqi Aralıq Dənizi və Avropa bölqəsində (ildə 6,5% və 6,2% müvafiq), ən zəif tempi isə Afrika regionunda (ildə 2,2%) müşahidə olunub. 2015 ildə vərəm ağır yükü olan 30 ölkənin payına 87% yeni vərəm halları düşüb. Vərəm dünyanın bütün bölgələrində yayılıb, lakin halların çoxu Asiyanın (61%) və Afrikanın (26%) payına düşür. Hesablanmalara görə, 2015 ildə 480 000 insanda çoxsaylı dərmanlara davamlı vərəm inkişaf edib. (ÇDD vərəm) Bir sıra hallarda daha ağır dərmanlara davamlı vərəm inkişaf edir- Genişsaylı Dərmanlara Davamlı Vərəm (GDD vərəm). Bu halların müalicəsi xeylı mürəkkəbdir, müalicə üçün dərman vasitələrinin sayı məhduddur.

Dünyada 2000-2015 illər ərzində 49 million insan vərəmdən müalicə alıb və onların həyatı xilas olunub. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Hesablanmalara görə, 2015 ildə 10,4 million yeni vərəm halları olub, lakin yalnız 6,1 million hal aşkarlanıb qeydiyata alınıb, yəni 4,3 million hal nəzarətsiz qalıb.
2014-2015 illərdə vərəmin qlobal azalma tempi 1,5% təşkil edib. “Vərəmin ləğv edilməsi Strategiyası”na əsasən, vərəmin ləğv edilməsinə nail olmaq üçün 2020 ilə bu göstəricinin 4-5%-ə qədər artması vacibdir.

Bu gün ölkəmizdə də vərəm xəstəliyi, vaxtında aşkarlanıb, müalicə edilməsi aktual məsələlərdəndir. Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova bildirib ki, rəsmi statistikaya əsasən hazırda ölkəmizdə 9 minə yaxın vərəm xəstəsi qeydiyyatdadır.
“Vərəmə yoluxma halları daha çox 25-44 yaş arasında olanlarda təsadüf edilir. Kişilər arasında daha çox 24 yaşdan 44 yaşadək olanlar vərəm xəstəliyinə yoluxurlar. Vərəm saç və dırnaqdan başqa hər bir orqanı zədələyə bilir. Dırnaq və saçda olan müəyyən hüceyrələr vərəm mikroblarının yayılmasına mane olur”.

İ.Axundova qeyd edib ki, dünyada hesablanmış və effektiv müalicə almış vərəmli xəstələrin sayı artır: “Vərəm və İİV-in daha çox Asiya və Afrika ölkələrində yayılır. Azərbaycan o ölkələrdəndir ki, vərəm infeksiyası aktuallığını saxlamaqdadır. Lakin bu problemin həlli üzərində iş aparılır. Vərəm diaqnozu qoymaq çox asandır. Saat yarımın içində vərəm mikrobunu tapıb dərmanlara həssaslıq testini edirik. Bu, bizə imkan verir ki, lazım olan adekvat müalicəni edək. Vərəm xəstəliyinin müalicəsi formasından asılı olaraq minumum 6 ay, davamlı vərəm infeksiyası hallarında isə maksimum 24 ayadək davam edə bilər. Müalicə kursunu keçəndə şəxs vərəmdən tam azad olur”.

İ.Axundova bildirib ki, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmə sayı azalıb: “Yeni xəstələrin sayı 2016-ci ildə (xəstələnmə) hər 100 000 əhaliyə 3,8-dir. Ölkədə indi 7 mindən aşağı vərəm xəstəsi qeydiyyatdadır. Onların 3 mindən bir qədər çoxu yeni xəstədir. Onların içərisində 29,9-u ağciyər vərəmi, 9-u insan ağciyərdən kənar vərəmi olan xəstələrdir. Ölüm sayı 2015-ci ildə 100 000 nəfərə 4,1 idisə, 2016-ci ildə bu rəqəm 3,8-dir. Müalicə nəticələri də qalxıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür. Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstəlik var idisə (hər 100 000 əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-ci ildə bu 100 000 nəfərə 38,9-dək azalıb”.

İnstutun direktor müavini uşaqlar və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricisinin hər il azaldığını deyib: “Vərəmli xəstələr arasında 4 faizi 0-14 yaş arasında olan uşaq və yeniyetmələrdir. Dünyada isə hər il 10 faiz uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxur”.

Beləliklə, ölkəmizdə aparılan müalicə-profilaktika, məqsədyönlü siyasət və düşünülmüş mübarizə tədbirlərinin həyata keçirilməsi nəticəsində vərəmlə xəstələnənlərin sayında azalma tendensiyası müşahidə olunmaqdadır.
Lakin, vərəm infeksiyasına qalib gəlmək üçün yalnız səhiyyə müəssisələrinin maddi – texniki bazasının yaxşılaşdırılması və hüquq – normativ aktların qəbulu kifayət deyil. Vərəm xəstəliyi uzun müddətli infeksion xəstəlik olmaqla yanaşı, bu xəstəliklə əlaqədar əhali arasında güclü stiqmanın da mövcudluğu reallıqdır. Bunları nəzərə alaraq, ilk dəfə Azərbaycanda 2017-ci ilin yanvar ayından etibarən vərəm xəstələrinin müalicəyə sadiqliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə geniş istifadə olunan və effektivliyi təsdiq edilmiş multidisiplinar yanaşma prinsiplərinə əsaslanan layihənin icrasına başlanılıb. “Həssas və dərmanlara davamlı vərəm infeksiyası ilə xəstə insanlara yaşadıqları ərazilərdə multidisiplinar yanaşma vasitəsilə tibbi, psixoloji və sosial dəstəyin təmin edilməsi” adlı layihə Ftiziatr və Pulmonoloqların İctimai Birliyi (FPİB) tərəfindən Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində multidisiplinar yanaşma ilə vərəm xəstələrinin ənənəvi dərman vasitələrinin qəbulu ilə yanaşı, xəstə və ailə üzvlərinə müalicə müddətində psixo–sosial dəstəyi təmin edilir. Multidisiplinar yanaşmanın tətbiqində əsas məqsəd - xəstələrin müalicəyə sadiqliyini artırmaq, tibbi, psixoloji və sosial xidmətləri xəstənin ehtiyaclarına uyğun təmin etməkdir. Nəticə etibarı ilə isə, ölkədə vərəmlə bağlı epidemioloji vəziyyəti yaxşılaşdırmaqdır.

Məlumata əsasəm, xəstələr, onların ailə üzvləri və tibb işçiləri bu növ yanaşmaya ilk aylarda skeptik münasibət göstərsələr də, sonrakı ayların təcrübəsi multidisiplinar (xəstələrə tibb işçisi ↔ digər xəstələr ↔ ailə üzvləri ↔ psixoloq ↔sosial işçi) komanda yanaşmasının uğurlu olduğunu sübut edir.

Müalicə olunan xəstəlik olmasına baxmayaraq, hər il dünyada milyonlarla insan vərəmdən dünyasını dəyişir. Vərəmin belə yüksək rəqəmlərlə gündəmdə olmasında qaldırdığımız problemin-stiqmanın da birbaşa rolu var. Çünki gözlə görülməyən vərəm çöpləri uzun müddət havada asılmış vəziyyətdə qalır və insandan insana keçməklə yoluxmaya səbəb olur.

Bir çox insanları həm də bu məsələ maraqlandırır- vərəm mikobakteriyaları ilə nəfəs almış insan mütləq xəstələnəcəkmi? Əlbəttə, "heç də yox". Bu ağciyərlərə düşmüş vərəm mikobakteriyalarının miqdarından və vərəm xəstəsi ilə ünsiyyətin müddətindən asılıdır. Kontakt nə qədər uzun sürərsə, xəstələnmə ehtimalı da bir o qədər çox olur. Həmçinin orqanizmin müqavimət qüvvəsinin də böyük əhəmiyyəti var.

Uzun müddət vərəm xəstələri ilə kontakta olan şəxslərin 50%-i vərəm çöpləri ilə yoluxur, ancaq onların cəmi 10%-də vərəm aktivləşir və xəstəlik yaranır. Vaxtında və düzgün müalicə olunmadıqda vərəm əmək qabiliyyətinin itirilməsinə, əlliliyə və hətta xəstənin ölümə səbəb ola bilər. Buna görə də özlərində vərəmin əlamətlərini hiss edən insanlar təcili olaraq həkimə müraciət etməli, özbaşına müalicə və diaqnostika ilə məşğul olmamalıdırlar. Xəstəlikdən tam müalicə olunmaq üçün həkimin təyinatlarına ciddi riayət etmək lazımdır.

Aytən Zəhra
Yazı “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalistlər arasında elan olunan müsabiqəyə təqdim olunur.





Teqlər: Vərəm  





Xəbər lenti