Bu gün Azərbaycanda “Bilik günü”dür
Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.
Son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib. Belə ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə I sinifə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var.
Hər il Azərbaycanın təhsil sistemi təxminən 50 min nəfər artır. Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə isə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 27 514, XI sinfində 19 530, XII sinfində 635 şagird təhsil alacaq. Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.
Bundan başqa, Bakıdakı 265 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.
2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.
AzVision.az
Teqlər: Bilik-günü