Üç rayona 8 milyon manat ayrılıb
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşmışdır. İstehsalın stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bu tədbirlər çərçivəsində Hacıqabul və Şamaxı rayonlarında 10000 hektarlıq və Zərdab rayonunda 10000 hektarlıq ərazinin suvarma suyu ilə təminatı layihəsinin icrasına başlanılmışdır.
Sərəncamla “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev