Azərbaycan Gömrük İttifaqından necə yan keçdi – TƏHLİL

Azərbaycan Gömrük İttifaqından necə yan keçdi – TƏHLİL
  09 Sentyabr 2013    Oxunub:1781
Putinin Bakıya ötən ay baş tutan səfəri ilk növbədə Azərbaycanın istədiyinə nail olmasını göstərirdi. Azərbaycan sübut etdi ki, apardığı siyasət müstəqildir və müstəqil Azərbaycanın Rusiya ilə düşmən olmaq niyyəti yoxdur; əksinə, münasibətləri dostluq səviyyəsində saxlamağın müxtəlif variantlarını axtarır.

Putinin Bakıya səfəri onun özünün təşəbbüsü idi. “Rosneft”in prezidenti İ.Seçini Bakıya göndərmək üçün V.Putinin İ.Əliyevə zəngi zamanı Azərbaycan Prezidentinin onu etiket qaydalarına müvafiq olaraq Bakıya dəvət etməsi tamamilə başadüşüləndir. Bütün hallarda V.Putinin səfəri Azərbaycanın müstəqil siyasətinə, xalqına və hakimiyyətinə göstərdiyi ehtiram kimi qəbul edilməlidir.

Putinin Azərbaycana səfəri onun regional siyasətdə yeni keyfiyyət mərhələsi yaratmaq niyyətində olmasını göstərdi. Region dedikdə, Qafqazın təkcə cənub hissəsi deyil, Ön Asiya da başa düşülməlidir. Azərbaycan-Rusiya əməkdaşlığı nəticəsində, Cənubi Qafqazda qarşılıqlı maraqlara xidmət edən, bir-birinə risk yaratmayan siyasət aparmaqla Ön Asiyada lazımi effekt əldə oluna bilər.

Cənubi Qafqazdakı proseslər Azərbaycan üçün nə qədər faydalıdırsa, Ön Asiyadakı proseslər bir o qədər Rusiya üçün maraqlı ola bilər. Rusiya və Azərbaycanın belə siyasətinin virtual deyil, “maddi əsası” var. Rusiya SSRİ dağıldıqdan sonra Suriyada özü üçün geosiyasi uğur coğrafiyası yarada bilib. Rusiya ilə onun Suriyadakı uğuru arasında birbaşa coğrafi əlaqələr yoxdur. Türkiyə və İran Rusiya ilə onun Suriyadakı uğurunun arasında coğrafi sərhədi təşkil edirlər. Rusiyanın coğrafi uğuruna uzun müddət sahiblənməsinin taleyini Türkiyə və İran həll edəcəkdir. Türkiyə və İranın Rusiyaya qarşı siyasətinin parametrlərini isə Rusiyanın Azərbaycanla birgə siyasəti müəyyənləşdirəcək.

Azərbaycan Türkiyə və İranın daxilində çox ciddi faktordur. Azərbaycan Türkiyə və İranla birlikdə olacaqsa, bu iki dövlətin yaxın vaxtlar üçün çox ehtimal olunan antirusiya siyasətini dəstəkləyəcəksə, Rusiyanın nəinki Ön Asiyada, hətta özünün Şimali Qafqazında duruş gətirməsi çətinləşəcək. Rusiyanın bu regionda milli geosiyasi maraqlarına cavab verən siyasəti yalnız Azərbaycan vasitəsilə qurula bilər. V.Putin bunu bilir və bu istiqamətdə hərəkətə başlamışdır. Bu baxımdan V.Putinin Bakıya səfəri yeni məzmuna malik oldu:

a) Putin Bakıda olarkən MDB məkanındakı inteqrativ layihələr haqqında ümumiyyətlə, danışmadı. MDB dövlətlərini Gömrük İttifaqı və ya Avrasiya Birliyinə qoşmaq məqsədilə heç nədən çəkinməyən Rusiya Azərbaycanın bu qurumlara üzv olmasına işarə də vurmadı. Bu, Azərbaycanın müstəqilliyinə dəstək kimi qəbul edilməlidir. Azərbaycanın müstəqil siyasətinə dəstək verməklə, güclənməsinə yardım etməklə Azərbaycan Respublikasını Ön Asiya və regiondakı proseslər üçün cəlbedici dövlətə çevirmək olar. Beləliklə, müstəqil Azərbaycan Gömrük İttifaqının üzvü olan Azərbaycandan daha faydalı tərəfdaşa çevrilir. Ön Asiya üçün Azərbaycanın cəlbedici dövlətə çevrilməsi təkcə müsbət kontekstdən qəbul edilməməlidir; Azərbaycan üçün çox ciddi risklər yarana bilər. Ona görə də bu risklər müzakirə edilməli, birgə preventiv siyasət hazırlanmalıdır;

b) Rusiya və Azərbaycan enerji sahəsində həm öz ölkələrində, həm də üçüncü dövlətlərdə birgə iş aparmaq barədə razılığa gəldilər. Bu, ilk növbədə Avropa üçün yeni nəfəsdir. Mümkündür ki, məhz bunu nəzərə alaraq, Avropa İttifaqı yeni kəmərin çəkilməsi ilə bağlı mövqe ortalığa qoydu. Aİ-nin belə mövqeyinin Putinin Bakıya səfəri ərəfəsinə düşməsi diqqəti çəkir.

Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə heç bir zaman maneçilik etməyib. Rəsmi Bakı TAP marşrutunu dəstəkləməklə Avropaya qaz nəqli ilə bağlı öz siyasi iradəsini və imkanlarını ortalığa qoydu. TAP marşrutunun seçilməsindən sonra Putinin Bakıya gəlməsi göstərir ki, Rusiya bu layihəyə etiraz bildirmir. TAP marşrutunu müəyyənləşdirməklə Azərbaycan sonu ona gəlib çıxan bütün bəhanələri kəsdi; hər şey Türkmənistandan asılıdır. Lakin RF və Azərbaycan arasında enerji əməkdaşlığını təkcə Avropaya qaz satmağa və ya Avropa məkanı ilə bağlamaq düzgün deyil.

“Rosneft” özünün İtaliya və Almaniyada olan neftayırma zavodlarına neftini Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə daşımaq istəyir. Bu, mümkün mexanizmdir, amma Azərbaycanla Rusiya arasında enerji sahəsindəki əməkdaşlıq daha çox qonşu coğrafiyanı əhatə edəcək. ARDNŞ və “Rosneft” Xəzər dənizinin müxtəlif sektorlarında, İran ərazisində birgə layihələr reallaşdıra bilərlər. Belə konkret layihələr nəticəsində Rusiya-Azərbaycan əməkdaşlığı qonşu dövlətlərdə praktiki fayda verə bilər. Azərbaycan Xəzər sektorunda RF-in maraqlarına təhlükə yaradan birinci dövlət deyil. Rusiya prizmasından baxdıqda, Türkmənistan və İranın siyasəti Rusiya üçün daha təhlükəlidir. Eləcə də regionun enerji siyasətini də təkcə Xəzər hövzəsinə bağlamaq da düzgün deyil.

c) Tarixi problemlərin gündəliyə gətirilməsi V.Putinin Bakı səfərinin sensasiyalı məzmunudur. Azərbaycan Prezidenti İ.Əliyevin V.Putinin şərəfinə verdiyi ziyafətdə Rusiya prezidenti etiraf etdi ki, keçmişdən çoxlu problemlər qalıb. İstək və iradə olarsa, bu problemlər həllini tapacaq. V.Putinin bu bəyanatında müəyyən qədər şərt və hədəni də görmək olardı, amma nəzərə alsaq ki, Azərbaycanın Rusiya ilə düşmən olmaq niyyəti yoxdur və Azərbaycanı Rusiya ilə düşmən etməyə gücü çatan başqa dövlət yoxdur, o halda, bu şərtin həlli yalnız Rusiyadan asılı olacaqdır. Vacib olan odur ki, V.Putin Azərbaycanın tarixi problemlərinin olmasını etiraf etdi və ilk dəfə olaraq bu problemlərin müzakirəsində iştirak etdi.

Putin Azərbaycanın tarixi problemlərini rəsmi şəkildə beynəlxalq müzakirəyə çıxaran ilk prezidentdir. Azərbaycanın tarixi problemləri dedikdə, Qarabağ məsələsi nəzərdə tutulmur, çünki V.Putin Qarabağla bağlı ayrıca mövqe ifadə etdi və o “tarixi problemlər”i cəm halında işlətdi. Başqa sözlə, tarixi problemlər bir neçə ədəddir. Ümummilli liderimiz H.Əliyevin adının Putin tərəfindən Dərbəndin mərkəzi küçəsinə verməsinə də tarixi problemlər kontekstindən yanaşmaq olar. RF Gürcüstandakı azərbaycanlıları da Çar Rusiyasının yaratdığı problemlər kontekstinə aid edə bilər, lakin Azərbaycan üçün istiqamətverici tezis İ.Əliyevin irəli sürdüyü tezislərdir. Nəinki Dağlıq Qarabağ hətta Zəngəzur, Yerevan, Göyçə də Azərbaycan əraziləridir. Müasir dövrdə nəzəri və praktiki baxımdan həllini gözləyən tarixi problemlərimiz bunlardan ibarətdir. Azərbaycan xalqının 52 milyon olması və bu sayda toplumun vahid dil, mədəniyyət müstəvisinə gətirilməsi də tarixin problemlər kontekstindən qəbul edilməlidir. Rəsmi Moskva rus dilinin yayılmasına geniş maraq göstərir. Hər halda İran ərazisində kompakt yaşayan təxminən 30 milyon azərbaycanlının əlavə bir neçə dil öyrənməsi mühüm əhəmiyyətli məsələdir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin analitik hesabatından
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti