Qaranlığın fəlsəfəsi

Qaranlığın fəlsəfəsi
  19 Aprel 2017    Oxunub:9567
Tural İsmayılov

Bəzi hallarda mövqelər fərqli olsa da, istər ədəbiyyat, istərsə də fəlsəfənin əsrlərdir bir nöqtədə hər zaman eyni olduğu görünür. Bu məsələ əksiliklərin vəhdəti ilə izah olunur. Dünyada gecə varsa, gündüz də olmalıdır. Xeyir varsa, şər də labüddür.


Ruzveltin məşhur tribuna nitqində də belə idi. O, deyirdi ki, dünyada dostlar hamı üçün sərfəlidir. Çoxlu dostu olan insan tənhalıq hissindən birdəfəlik azad olmuş fərd, çoxlu dostu olan dövlət isə sakinlərinə rifahı yaşadaraq tarixə adını yazdırandır. Amma dost varsa, düşmən də var axı. Çe Gevara bunu öz xatirələrində izah edir. Həyatı anlamlı edən şeylər sadəcə yaxşı olanlar deyil. Və kim bilir ki, yaxşı dediyimiz elə hər şey yaxşının özüdür?

Freydin “yamanlıq yaxşılıqdan da yaxşı ola bilər” fəlsəfəsilə eyni mövqeni bölüşürdü Çe. Həyatın mahiyyətinə aktiv bir lokomotiv kimi yanaşırıqsa, onda şübhəsiz, gördüyümüz hər bir hal və situasyanın mütləq bir qarşılığı olmalıdır. Sosial psixologiyada əksiliklər və ziddiyətlərin varlığı real həyatın özü, diqtəsi kimi qəbul olunur. Eksperimental tibbin və texnoloji eranın bizə verdiyi sübutlarla da bunu daha aydın görürük. Məsələn, ilanın zəhərini neytrallaşdırmaq üçün vaksinasiya ediləcək məmulatlar elə ilanlardan alınır. Və yaxud da, torpaqdakı məhsuldarlığı artırmaq üçün gübrə kimi ən keyfiyyətli olan mal-qaranın peyini hesab olunur. Bütöv təbiətin vahid orqanizmi hərəki fəallığını ikiliklərin yox, ziddiyətlərin fövqündə qurur. Heyvan təbiətdən həzm etdiyini, təbiətə ifraz edir, aldığını bir növ istehsal edərək, məhsuldarlığı artırır. Demək ki, həyatda daha maraqlı yaşamaq üçün də biz ətrafımızda olan əyrilikləri təbii hesab etməliyik.

Yaşamın və yaşamaq instinktinin ən ağır tərəfi ölüm sayılır. Lakin hamı ölməsəydi, bu dünyanın real təbii imkanları bir yana, qlobal mənəvi mövcudluğu sual altında qalardı. Deməli, biz idealistlərin dediyi kimi, Adəm babamıza təşəkkür etməliyik ki, o, ağaca toxunub. Sadəcə, bu kontr-arqumentsiz yeganə reallığı dərk etməkdə çətinlik çəkməməliyik. Dünyada ölüm lazımldır. İnsan öz atasını itirəndə üzülür, heç kim yaxınının canına bir şey olmağını istəməz, amma bir şey də var ki, bu nə qədər acı və çətin olsa da, həyatın əksi ölümdür. Ölümün öz mövcudluğunu qorumağı, həyatda ziddiyətlərin qarşıdurmasının davam etməsi bu üz-üzə qalmalar sonunda bəşərin ayaqda qalmağına səbəb olur. Əslində bu misalları çəkməmin səbəbi pis və daha ağrılı görünən hadisələri fəlsəfi mənalandırmaq yox, reallığı daha doğru dərk etmənin daha az incidə biləcəyini göstərmək istəməyimdir.

Valideynlərimin ölümünü üsyanla qarşılasam da, bunun olmamağını da istəmərəm. Darvinistlərin “təkamülün davamı həm də yox olmadır” tezisini gələcəyin mövcudluğu üçün əsas şüar sayıram. Bunun üzərinə uzun illər insanlar varlıq və yoxluq kimi fəlsəfi qovğalara daha çox baxış ayırsa da, qaranlıq və işıq məsələsində böyük haqqsızlıqlar etdilər. Məncə, fəlsəfənin ədəbiyyat, tarix və digər bütün ictimai elmlərə peşkəş çəkdiyi yeganə şey düşüncə idi. Dekart “yaratmaq düşüncədən hasil olur”,- deyirdi. Düşünmək yaratmağın səbəbidir. Ədəbiyyatda da düşünməsən, hisslərlə şeir yaza bilsən də, həm tarix boyu, həm də günümüzdə daha çağdaş hesab olunan şairlər, həm düşünən, həm də hiss edən şairlərdir.

Aydınlanma zülmətin yoxluğu sayılır. Ya da zülmət pisdir, çünki qara özü neqativdir. İşıq əsasdır, çünki işıq yaşamaqdır. Öləndə qara bağlayarlar, amma ölüm aydınlıqda da baş verir. Dino Busattinin hamımızın sevimlisinə çevrilmiş məşhur “Tatar Çölü” əsərində biz mənzərənin daha pis variantını görürük. Aydınlıq aramaq, qala divarlarından, zülmətdən çıxmaq işığa can atma kimi təlqin olunur. Elə bizim məişət dialektimizdə də “qara qəlbli”, “qaraqabaq adamlar” ifadələri geniş yayılıb. Amma bir də üzümüzü güldürən, ümidin özünü təmsil edən “işıqlı adamlar”, “aydın insanlar” anlayışlarımız var. Əslində mən nə Vitqenşteyn kimi hansısa anlayışların və sözlərin dəyişdirilməsini və yenidən mənalandırmasını irəli sürmək istəmirəm, nə də artıq fikri genotipi yaşadan klişelərin dəyişdirilməsinin tərəfdarı deyiləm. Yaradıcılıqda və publisistikada da bu fəlsəfi düşünməyi bacaran və bacarmayan insanlar timsalında çoxdan birincilərin məğlubiyyəti ilə başa çatıb. Sadəcə, bəzi adi və asan işlənən sözlərin yanlış dəyərləndirilməsini və günümüzə qədər də belə anlaşılmasını fəlsəfi təfəkkürün “şikəst” qaldığı dövrlərin məhsulu saymağı daha uyğun hesab edirəm...

Qədim dövrdə yırtıcılıar kramonyanlara qaranlıq düşən kimi hücum edirdi, indi də qaranlıq olanda insanın qabağına əli bıçaqlı cibgirlər çıxır. Antik çağda vəhşi heyvanların hücumundan qorunmaq üçün qəbilə gecələr mağaralara yığışardı, indi də ailələr gecəni bütöv, bir arada keçirirlər. Düzdür, bəzən belə yanlış təsəvvür formalaşır ki, guya bizdə gecə həyatı qadın üçün təhdiddir. Amma bu yaxınlarda türk aktrisalardan biri qızı ilə gecə gəzintisinə çıxdığı zaman Parisdə hücuma məruz qalmışdı. Cinayətlər həmişə baş verir, amma qaranlığın estetik qatı o qədər boğucudur ki, avtomatik şüuraltı olaraq beyinimizdə gecə caniliyin prototipi kimi canlanır.

Elm bunu isbatlarla bizə göstərir. Yunq yazırdı ki, qaranlığın mənfi yüklü olmağı onun öz təzahürünün nəticəsidir. Genetik kodların da bütün təkamül boyunca anti qaranlıq çalar alması ilə bu vəziyyət daha dəhşətli bir hal aldı. Sinqapurlu psixoanalitiklər təcrübə aparıblar. Onlar həyatlarında acılar yaşayan insanları bir araya toplayır və təxminən 10 nəfər insan üzərində test həyata keçirir. Aralarında təcavüzə məruz qalan qadın, əlləri kəsilən qoca, evindən oğurluq edən soyğunçular tərəfindən güllə ilə sifəti deformasiyaya nəruz qalan və sair insanların olduğu pasiyentlərin başına gələn hadisələrin əksətiyyəti günorta çağı baş versə də, onlarda qaranlıq və işıq üzərinə verdikləri reaksiyalarda qəribə bir fərq ortaya çıxdı. Bu adamların çoxu günün günorta çağı bu hadisələri yaşasa da, gecəni daha hürküdücü hesab etmiş və bu aparılan test bir nəticəni ortaya çıxarmışdı: İnsanın şüuri varlığı qaranlığa qarşı həssasdır və bunu dəyişmək artıq çox çətindir.

Helen Keller hesab edirdi ki, kölgə insanın öz daxilinin aynası kimidir. Və insanın ən səmimi anı öz kölgəsiylə dialoqudur. Bütün gecə və qaranlıq isə kölgələrin külliyatı sayılırdı. Kellerə görə üzünü günəşə çevirən insan öz kölgəsini görə bilmədiyi üçün, daimi günəşə sığınmaq səmimiyyətin məhvidir. Kellerin fikirlərini inkar edən fikir adamı Robert Adlen isə əksinə qaranlığı işığın düşməni sayaraq, üstünlüyü işığa vermişdi. Adlenin məşhur “dünyadakı bütün qaranlıqlar tək bir şam işığını da söndürə bilməz” fikiri sonralar sol dərgilərin manşet sloqanı oldu. Höte isə hesab edir ki, işıq zülmətdən törəyir. Bunun bənzərini hind vedalarında görə bilərik. Göte ən güclü kölgəni harada ışıq çoxdursa, orada arayırdı. Ona görə qaranlıq daha güclü təsir etmə mexanizminə malikdir. Qaranlıq həm də insanın özünə qapanmasıdır.

İllər sonra məşhur rok qruplaru konsertlərində minlərlə insanı “qaranlıq aydınlığın məhvi yox, işığın doğanıdır” cümləsiylə salamlayırdı. Qaranlığın ən estetik duyumunu Albert Kamyu verir. Kamyunun fəlsəfəsində qaranlıq yoxluğun siması sayılır. Yoxluq varlığın təkan vericisi sayıldığı kimi, qaranlıq da işığın yaradıcısıdır. Qaranlığı işıqdan daha qüdrətli hesab edən Kamyu işığın kövrək və tez keçici olduğunu söyləyir, qaranlığı tək və yeganə aydınlıq yolu sayırdı: “Əgər dünya açıq-aydın olsaydı, sənət olmazdı”.

Kamyunun bu fikirləri öz zamanı üçün alternativ kimi göründüyü üçün o qədər də ciddiyə alınmamışdı. Uzun illər sonra bunun üzərinə baş sındıran modern fəlsəfə məktəbi Kamyunun ideyalarını təsdiqlədi. Qaranlığı yeganə həqiqət hesab edən çağdaş yapon fəlsəfi irsi indi də bu xətt üzrə inkişaf edir. Türk solunun hədsiz piarını apardığı Nazim Hikmət tam əksinə qaranlığı çox adi izah etmiş, fəlsəfədən uzaq yaradıcılığın ardıcılları isə onun məşhur “mən yanmazsam, sən yanmazsan, necə çıxar qaranlıqlar aydınlığa” fikirini populyarlaşdırmışdı.

Turan Dursun Nazim Hikmətin əksinə, qaranlığı daha saf bir anlayış kimi xarakterizə edirdi. Hətta nə qədər sevməsəm də, yaradıcılığının daha az hazırlıqlı oxuculara ünvanlandığını düşündüyüm Paulo Koelyo qaranlığı daha yaxşı tərifləndirir. “Ən qaranlıq an şəfəq çağından öncəkidir” fikiri fəlsəfənin gəldiyi qənaətin bir növ təkrarıdır. De Laklosa görə, insan gecələr daha təmiz qəlbli və açıq ürəkli olur. O bunu sosiallaşma ilə izah edir. Günortalar daha çox insanla ünsiyyətdə olan insan, beş ünsiyyətdən birində mütləq yalan danışır. Gecə isə onun yalan danışma lyuksu olmur. Çünki o yalnız özünü görür. Bu qənaətini möhkəmləndirən De Laklos yazır: “Canım qaranlıq! Ən utancaq aşiqin də dilini açır”.

Təssüf ki, hardasa hər bir məsələ ilə bağlı dünya fikir xəzinəsinə və elm tarixinə incilər verən antik fəlsəfənin də bu məsələ üzərinə o qədər çox qatqısı olmayıb. Aristotel işığı təbiətin harmoniyası hesab edirdi. Platon isə dövlətlə bağlı məşhur çıxışlarında ötəri olaraq bu mövzuya toxunur. Onun tələbələri ilə dialoqlarında maraqlı bir hissə var. Platon söyləyirdi ki, qaranlıqdan qorxan bir uşaq bağışlanmalıdır. Qaranlıqdan qorxma irsi bir adətdir. Ən böyük tragediya aydınlanan adamların aydınlıqdan qorxmağıdır. İnsan aydınlıqdan yox, qaranlığın dərininə vararaq aydınlanmalıdır, amma ikinci yol daha çətin və məşəqqətli olduğu üçün seçilmədi heç.

Qaranlığı ən gözəl izah edən Şərq, konkret Çin fəlsəfəsidir. Konfutsi qaranlığı reallığın hamisi sayırdı. Konfutsiçilikdə işıq qaranlığın əksi yox, özü sayılırdı. İşıq özlüyündə heç nə ifadə etmir, o sadəcə qaranlıqları aydınlatmaq üçün vasitədir. Məna və məğz qaranlığın batinində gizlidir. Şərqin qaranlıq və işıq vəhdətinə bəxş etdiyi töhfə “İn-Yan” dixotomiyasıdır. Etimologiyada “İn” bir təpənin kölgəli və qaranlıq quzey tərəfini, “Yan” isə günəşli və işıq saçan güney tərəfini göstərir. “İn” ölüm, məhv olma, zülmət, qaranlıq, su, hava, qadın ilə bəzən simvolizə edilirdi. “Yan” isə aktivlik, dəyişim, hərəkət, yaşam, torpaq, kişi ilə simvollanmışdır.

İn və Yan birlikdə “dao” əmələ gətirir. Fəlsəfi lüğətlərdə “dao” yol kimi izah olunur. İn və Yan həqiqətə çatmanın yoludur. Daosizmə görə də günəş od, ay isə su ünsürünə paraleldir. Reallıqda və elmin sərhədlərində atəş və su bir-birinə zidd olsa da, fəlsəfəyə görə atəş olmazsa su buz olar və heç kimə yararı toxunmaz. Deməli, elmin özünün irəli sürdüyü bu sadə həqiqəti fəlsəfə mənalandıraraq insanlara ötürür. Hər şeyin bir-biriylə əks qütbdə dayanmağı əslində harmoniyadır.

Neodarvinizmdə bu daha da inkişaf etdirilir və qütblər yaşamaq uğrunda mübarizədə əsas qaynaq sayılır, halbuki Çarlz Darvin özü bu məsələyə klassik təkamülçülükdə o qədər diqqət ayırmamışdı. Dao rəngkarlığında qara və ağ rənglərin anlamı da beləcə izah edilir. Heç bir şeydə tam ağlıq yoxdur, heç bir qaranlıq ağdan məhrum deyil. Əgər ağ yaxşılığın, qara isə pisliyin rəngidirsə, hər ikisindən arınmış və bütöv bir qütbü təmsil edən heç bir canlı yoxdur.

Ezoterik təlimlərdə məsələ bir az başqa cürdür. Məsələn, onlar qara ilə ağ arasında incə bir boz xəttin olduğunu irəli sürür, İn və Yan arasına üçüncü bir element əlavə edirdi. Hesab olunurdu ki, ziddliklərdə bir tərəfdən digərinə keçid məhz bu boz xətt ilə mümkündür. İn və Yan bir biriləri olmadan var ola bilməzlər. Biri daralanda, digəri genişlənər. Biri boyüyəndə, digəri kiçilər. Sonralar Oşo kimi dərvişanəliklə adını fəlsəfəyə zorakı saldıran ruh adamları da İn və Yanı birliyin və bütünləşmənin iki zidd, amma bərabər qolu sayır.

Ölüm üzərinə baxışların sarıslması da bu yanaşmalardan ortaya çıxdı. Tutaq ki, naturalizmdə və dində ölümün qaranlıq və işıq olmağına şübhə var idisə, radikal materialistlər ölümü birmənalı olaraq işığın yox olmağı kimi qiymətləndirirdi. Din və naturalizmin özü də bir-biriylə tam əks olsa da, müxtəlif formalarda izah edir ki, ölüm qaranlıq deyil. Dində insan ruhu ya işığa, ya qaranlıq oduna düşəcək ikən, naturalizmdə ölümdən sonra konkret bir aydınlıq var. Çünki insan təbiətin özünə dönür. Onun fiziki çürüməsi torpaqla birlikdə yenidən müxtəlif formalarda təbiətdə can alır.

Ölümdən qorxmaq üçün heç bir səbəb yoxdur, amma ölümdən qorxmağa da təbii yanaşmaq lazımdır. Samuel Bekketə görə həyatdan bezərək intihar edən insanlara görə yerin işığı qaranlığı təmsil etdiyi üçün, onlar qaranlığın aydınlığına, qara torpağa qovuşmaq istəyirlər. Düzdür, zülmətin özünün mahiyyəti ilə bağlı bir çox araşdırmalar və fəlsəfi məktəblər olsa da, bu məsələdə qaranlığı anlatmağa çalışan bəzi digər sahələrin nümayəndələrinin də rolunu danmaq olmaz. Bunlardan sadəcə birinin adını çəkmək istəyirəm. Türk kinosunda Zeki Demirkubuz qaranlığa baxışları dəyişdirməyi bacaran insan olaraq hər zaman yaddaşlarda qalacaq. “Qaranlıq üzərinə hekəyələr” bir rejissorun fəlsəfəyə edə biləcəyi ən böyük qatqıdır.

Qaranlıq real olan tək səbəbdir. Axı, qaranlıq həm də məchulluqdur. Məlum olanın ortaya çıxmasında qaranlıq dayaqdır. Qaranlıq olmazsa işıq olmaz. İşıq olmayanda isə qaranlıq mövcud olur.

Qaranlıq və zülmət nə qədər xaosu, ümidsizliyi, aqressiyanı, geriləməni, depressiyanı ifadə etsə də, bunların əksinin işıqda mövcud olduğu beynimizə kodlaşdırılsa da, əslində neqativliklər işıq və qaranlıq fərqi olmadan törəyir, qaranlıq şübhəyə yol açır. Skeptiklərin hamısı qaranlığı həqiqətə çatmada əsas vasitə sayırdı. Bu gün də belədir. Deyilir ki, hansısa cinayət isti izlərlə aydınlığa qovuşdu. Aydınlığın olmağı üçün qaranlıqda olan bir şey olmalıdır. Onsuz da bizim normal danışdığımız hadisələrin iştirakçısı olmaq kimi missiyamız da çoxdan əlimizdən çıxıb. Kənardan seyr edirik, əslində qaranlıqda qalmaq və işığıa can atmama da bundan törəyir.

P.S. Qaranlıqdan qorxmayın, qaranlıqda çox adam qeybə çəkilir, aydınlıqda isə bütün əclaflar oyaqdır və pusqudadır.

P.P.S. Qaranlıq varlığın estetikasıdır, yoxluğun rəmzidir, fəlsəfənin, incəsənətin, ədəbiyyatın ilham mənbəyidir.



Teqlər:





Xəbər lenti