`Hamımız günahkarıq...` - Telli Pənahqızı (Fotolar)

`Hamımız günahkarıq...` -  Telli Pənahqızı (Fotolar)
  11 Fevral 2017    Oxunub:5013
Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musqiləri əsasında hazırlanan “Mənim günahım “adlı balet-tamaşanın premyerası keçirilib.

AzVision.az-ın əməkdaşı tamaşanı maraqla izləyən əməkdar telejurnalist Telli Pənahqızı ilə həmsöhbət olub:

-Tamaşa ilə bağlı təəssüratlarınız necədir? Xoşunuza gəldimi?

-Bu tamaşanı başqa vaxt görmüşdüm. Həm də əsəri oxumuşam. Yeni quruluşda ilk dəfə idi tamaşaya baxırdım. Çox xoşuma gəldi. Cəsarətli tamaşadır. Həm rejissorun, həm də aktyorların cəsarəti var.

Hər kəsin tanıdığı və sevdiyi İlyas Əfəndiyevin əsərini bu cür kompakt şəkildə təsvir etmək və müasir texnikadan istifadə edərək bəzi görüntüləri təsvirlə vermək böyük cəsarət tələb edirdi.

Mən aktyorlarımızı, tamaşanın quruluşçu rejissoru İradə Gözəlovanı təbrik edirəm. “Nurcahan” obrazının ifaçısı olan aktrisamız Şükufə Yusifova da çox cəsarətli aktrisadır, yenilik etməyi xoşlayır. O, həmişə bu səpkili rolları boyuna biçilibmiş kimi çox gözəl ifa edib. Bundan öncə də “Azdrama”da belə tipli rollar ifa etmişdi. Qara Qarayevin musiqisindən danışmamaq isə günah olardı.

İlyas Əfəndiyev qələmindən çıxan gözəl sözlər, Qara Qarayev musiqisi, aktyorların ifası bundan sonra çox tamaşaçıları dilə gətirəcək.



- Tamaşa gedən zaman özünüzü “Nurcahan”ın yerində hiss etdinizmi? Nurcahan balerinadır. Artıq yaşlanıb, səhnə üçün gərəksiz olub. Cavan əri isə artıq onu deyil, gənc balerinanı istəyir. Nurcahanın yerində olsaydınız nə edərdiniz?

-Əslində, bu, bir balerinanın taleyi deyil, yaşa dolmuş xanımın, insanın taleyidir. Nurcahanın yerinə Əli də, Məmməd də ola bilərdi. Burada söhbət nə qadından, nə də kişidən gedir. Yaşı keçmiş, işini itirmiş, hardasa ömrünü səhnəyə bağlamış bir insanın bu cür taleyi təbii ki, hamını narahat edir. Baş rol ifaçısı Şükufə xanım da, tamaşaçıların bir çoxu da orada özlərini gördülər. Mənə elə gəlir ki, bu mənada yaşa dolmuş yaradıcı insanlara, sənət sahiblərinə xüsusi diqqət, qayğı lazımdır. Çünki onlar ömürlərini səhnəyə,yaradıclığa həsr edirlər. Onlardan qalan ancaq xatirə, görüntü, yazılardır. Ömürlərini, xoşbəxtliklərini, həyatlarını səhnəyə bağlayan insanlardılar. Yaradıcı insanın bağlandığı mühit onun üçün hər şeydir.

Tamaşa “Mənim günahım” adlanır. Bizim hamımız bu və ya digər səviyyədə günahkarıq. Amma günahımızı heç vaxt etiraf etmirik . Sadəcə bir-birimizin günahını yumaq üçün hansısa güzəştə getməyi bacarırıq.



-Aktirsa səhnəyə müraciətlə “aranızda günahkar olmayan var?”- deyə soruşdu. Heç ürəyinizdən keçdimi əlinizi qaldırasınız?

-Yox, mən günahsız deyiləm ki, mənim də günahlarım var. Günahsız insan yoxdur bu dünyada. Günahı olmayan yalnız məsum körpələrdir.



-Yaradıcı insan ömrünü səhnəyə bağlayır, xoşbəxtliyini onunla tapır. Bəs siz hazırda ömrünüzü nəyə bağlamısınız?

-Mən televiziyaya bütün həyatımı bağlamışam. Bu gün də televiziyadayam və xoşbəxtəm ki, televiziya məni bütün Azərbaycana tanıdıb. Məni görən, rastlaşan hər bir adam dünəni xatırlayır ki, filan velişlərin müəllifi olmuşam. Bu gün də sevinirəm ki, sıradayam. Bu gün də yazıram, çıxış edirəm.

-Sizcə insan həyatını yalnız bir yerə, bir işə, bir insana bağlayıb yaşamalıdır, yoxsa çoxşaxəli edib, bölüşməlidir?

-Bu, taleyin işidir. Adam var ki, hər tərəflidir, onu da, bunu da edir. Hər şeyə vaxt tapır. Adam da var ki, bütövlükdə işinin içinə girir və işdən başqa heç nəyi görmür. Günlərin bir günü görür ki, hardasa bu ömür yarımçıqdır. Mənə elə gəlir ki, bu da Allahın qismətidir.



Şahanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti