`Azərbaycan Lapşini bağışlaya bilər` - Yevda Abramov
Lapşinin ekstradisiyası ilə bağlı məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin yəhudi deputatı Yevda Abramov AzVision.az-a bildirib ki, bloqqer açıq çəkildə üzr istəsə, Azərbaycan onu bağışlaya bilər.
“Belarusda saxlanılan bloqqer Aleksandr Lapşin Azərbaycana verilə bilər. Ekstradisiya məsələsində bizim Belarusla müqaviləmiz var. Bu məsələdə hüquqi baxımdan heç bir problem yoxdur. Lapşin açıq şəkildə üzr istəsə, bağışlana bilər. Hər iki variant mümkündür”.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Anar Kəlbiyev
AzVision.az