`Dövlətin verdiyi təqaüdlə dolanıram` - Əməkdar artist

`Dövlətin verdiyi təqaüdlə dolanıram` - Əməkdar artist
  23 Noyabr 2016    Oxunub:8066
““Azdrama”dan ayrılandan sonra günün çox hissəsini evdə keçirirəm. Səhnə üçün darıxıram, amma səhhətim yenidən sənətə qayıtmağa imkan vermir”

Bunu AzVision.az-a əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva deyib. Əməkdaşımızla həmsöhbət olan aktrisa aylıq aldığı təqaüdlə dolandığını, əlavə gəlirinin olmadığını bildirib.

“Şükürlər olsun, hazırda vəziyyətim yaxşıdır. Səhhətimdə ciddi problem yoxdur. Özümü qorumağa çalışıram. Bütün günümü evdə istirahət etməklə keçirirəm. Bu yaxınlarda Türkiyəyə qızımın yanına gedəcəyəm. Bundan başqa həyatımda yenilik yoxdur. Bundan sonra səhnəyə qayıtmağı düşünmürəm. Əlbəttə, səhnə üçün darıxıram. Artıq gücüm qalmayıb. Nə edə bilərəm ki? Gücüm evdar qadınların həyatını yaşamağa çatır. Buna görə səhnə ilə vidalaşmışam”,-deyə K.Əliyeva söyləyib.

Qeyd edək ki, K. Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib. 65 yaşı tamam olduqdan sonra teatrdan uzaqlaşmalı olub.

Teatrın səhnəsində Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq) rolarını oynayıb. Eyni zamanda "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) teletamaşalarında iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti