Fuad Poladovun istefası qalmaqala səbəb oldu

Fuad Poladovun istefası qalmaqala səbəb oldu
  29 Oktyabr 2016    Oxunub:7312
Aktyor Hikmət Rəhimovun işdən çıxarılması, ona dəstək olaraq xalq artisti Fuad Poladovun teatrı tərk etməsi Akademik Milli Dram Teatrının aktyorları ilə YUĞ teatrının yaradıcı heyyətini üz-üzə qoyub.
“Azdrama”nın aktyoru, xalq artisti Ramiz Məlik yaranan qalmaqalda YUĞ-çuları ittiham edib. O, hətta Fuad Poladovun teatrdan getməsinə münasibət bildirən YUĞ teatrının baş rejissoru Gümrah Öməri günahlandırıb.

“YUĞ-çu, otur yerində, sənin Fuad haqqında fikir söyləməyə nə qabiliyyətin çatır, nə biliyin, nə də “sənət”in. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müdətində YUĞ-çuların “Azdrama” ya buraxılması nəticəsində oldu. Teatrın suyunu bulandıran siz YUĞ-çular oldunuz”,- deyə o söyləyib.

YUĞ teatrının baş rejissoru Gümrah Ömər aktyorun iradlarına cavab verib. Baş rejissor AzVision.az-a açıqlamasında deyib: “Deyilənlər onun şəxsi fikridir. Mən təssüf edirəm ki, o, elə bir şey düşünür, deyir. Əsası varsa, buyursun danışsın. Onlarla qətiyyən pis münasibətimiz olmayıb, olmayacaq da. Onlar bizim sənətçi dostlarımızdır. Kimsə nəsə deyibsə, biz ona heç nə deyə bilmərik. Bizim kollektivə sayğımız, hörmətimiz böyükdür. Düşünürlərsə ki, biz teatrın işlərinə qarışırıq, bunu teatrın rəhbərliyindən soruşa bilərsiniz.

Ramiz Məliklə şəxsi tanışlığım yoxdur, rastlaşmamışam, tanımadığım insan haqqında nə deyə bilərəm ki? Bizi yaradıcılıq maraqlandırır, qalmaqal yox. Teatrda çoxlu problemlər var. Yaradıcılıq, tamaşaçılarla bağlı problemlərimiz var, onları həll etməyə çalışırıq. Bizim bundan başqa nə işimiz ola bilər ki?”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti