`Take 6` caz qrupu Bakıda konsert verəcək

`Take 6` caz qrupu Bakıda konsert verəcək
  14 Oktyabr 2016    Oxunub:2094
Məşhur “Take 6” vokal seksteti dekabrın 8-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, ABŞ-ın ən çox titul qazanan, eləcə də 10 “Qremmi” mükafatı laureatı olan akapella qrupu qospel, caz, R&B və pop musiqi janrlarında ifa edir.

“Take 6” (Klod Maknayt, Mark Kibl, Coel Kibl, Deyv Tomas, Elvin Çea, Kristian Dentli) Bakı tamaşaçıları üçün müxtəlif üslubların sintez olunduğu maraqlı konsert proqramı hazırlayıb.

Qrup 1980-cı ildə ABŞ-ın Alabama ştatındakı Okvud Kollecində Klod Maknayt tərəfindən “The Gentleman’s Estate Quartet” adı altında yaradıb. Kollektiv daha sonra “Alliance” kimi tanınıb. 1987-ci ildə “Reprise Records” şirkəti ilə müqavilə bağlayan zaman artıq eyniadlı musiqi kollektivinin olduğu bəlli olub və qrup “Take 6” adlandırılıb.

“Take 6” qrupunun ilk albomu dinləyicilərin, caz, pop tənqidçilərinin rəğbətini qazanıb və bununla da kollektiv məşhurlaşıb.

Ümumiyyətlə, bu möhtəşəm “6-lığın” hər bir musiqi albomu dünya cazında hadisəyə çevrilib və milyonlarla tirajla satılıb.

Konsertin biletlərini Mərkəzin kassasından və www.heydaraliyevcenter.az saytından onlayn almaq olar. Biletlərin qiyməti 20-120 AZN arasında dəyişir.

AzVision.az


Teqlər:





Xəbər lenti