Ermənilərin polisə verdiyi fəala deputatlardan dəstək

Ermənilərin polisə verdiyi fəala deputatlardan dəstək
  30 Sentyabr 2016    Oxunub:1653
Milli Məclisin bu gün keçirilən iclasında Hollandiyada azərbaycanlı diaspor rəhbəri İlhan Aşkına qarşı ermənilərin şikayəti əsasında qaldırılmış cinayət işi müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, deputat Qənirə Paşayeva çıxışında bildirib ki, iki il əvvəl mitinqdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı etiraz çıxışına görə, ermənilərin sifarişi ilə polisə çağırılması Avropa kimi hüquqi məkanda olduqca ədalətsiz yanaşmadır.

Xanım deputat qeyd edib ki, bütün dünyadakı azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderinə dəstək olmalıdır.

Deputat Fazil Mustafa qeyd edib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidənin qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: “Avropalılar gəlib bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işi qaldırırlar. Biz ona dəstək olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına Haaqa polisindən məktub daxil olub və oktyabrın 4-də onu polis şöbəsinə dəvət ediblər. Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə bağlı polisə şikayət olunub. Buna səbəb kimi Almelo şəhərində 2014-cü il iyunun 1-də keçirilən aksiyada “Qarabağ ermənilərə məzarı olacaq” ifadəsi ermənilər tərəfindən narazılıq yaradıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti