Rio-2016: Azərbaycan 13-cü medalını qazandı
AzVision.az-ın məlumatına görə, olimpiyadanın 14-cü günündə Azərbaycan idmançıları daha üç medal qazanaraq qazanılan medalların ümumi sayını 13-ə çatdırıb.
Sərbəst güləş üzrə yarışlarda ilk oyun günündə 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Bu çəki dərəcələrində ölkəmizi müvafiq olaraq, Hacı Əliyevlə Cəbrayıl Həsənov təmsil ediblər.
57 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub və rəqibini 12:2 hesabı ilə məğlub edib. Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü idmançı 5:3 hesabı ilə mərhələ adlayıb.
Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevi (Qazaxıstan) 10:8 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda bolqarıstanlı Vladimir Vladimirovla güləşən Hacı Əliyev təmiz qələbə ilə bürünc medal qazanıb.
74 kq çəkidə çıxış edən Cəbrayıl Həsənov da mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə kolumbiyalı Karlos Arturo İzkierdo Mendesi 10:0 hesabı ilə məğlub edən Həsənov 1/4 finalda Yakob Makaraşvilini də 11:0 hesabı iləməğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 7:9 hesablı qələbə ilə bürünc medla yiyələnib.
80 kq çəkidə taekvondo üzrə kişilərin mübarizəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb. Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7. Bununla belə Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşü 12:0 hesablı təmiz qələbə ilə vaxtından əvvəl başa çatdıran Milad bürünc medal qazanıb.
Taekvando üzrə qadınların 67 kq çəkidə mübarizəsində Azərbaycanı təmsil edən Fəridə Əzizova isə ilk döyüşü 1/8 finala təsadüf edib. Burada ABŞ təmsilçisi Peyc Makfersonu 6:5 hesabı ilə məğlub edən Fəridə 1/4 finala adlayıb. Burada Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşan Fəridə Əzizova 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Yarımfinalda Hyeri Ohla ilə görüşdə məğlub olan həmyerlimiz 5:6 hesabı ilə uduzub. Bununla belə təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirib. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.
AzVision.az