Rio-2016: Bu gün hansı idmançılarımız yarışacaq?
Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində ilk gündə Rüfət Hüseynov debüt edəcək.
49 kq çəki dərəcəsində rinqə çıxacaq həmyerlimiz ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirəcək. Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Hüseynov qalib gələrsə, 1/8 finalda Birjan Jakipovla döyüşəcək. Boksçumuzun 1/16 final döyüşü Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
Eyni zamanda cüdo yarışlarına da start veriləcək. Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxacaq. Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu nümayiş etdirməyə çalışacaq. 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkəcək.
Məhz Rio-de-Janeyroda dünya çempionatının bürünc medalını qazanan Səfərov mərhələ adlayarsa, 1/8 finalda Ahmed Abelrahman (Misir) – Otar Bestayev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Oyunlarının finalçısının mübarizə apardığı 60 kq çəki dərəcəsinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Lakin həmyerlimiz ilk mərhələdən azad olduğundan rinqə 19:40-dan sonra çıxacaq.
AzVision.az