`Mən ağladım, atamın gözündən yaş gəldi` - Güldürən aktyorun ağladan hekayəti

`Mən ağladım, atamın gözündən yaş gəldi` - Güldürən aktyorun ağladan hekayəti
  04 Avqust 2016    Oxunub:41822
Çoxunuz yəqin ki, bu akyoru təkcə oynadığı rollarına görə deyil, balaca boyuna və müsbət enerjili, gülərüz simasına görə tanımısınız. Ancaq bu boyun, bu simanın arxasındakı istedadlı, fədakar, böyük ürək sahibi olan insan haqqında bəlkə də heç nə bilməmisiniz.

Elə bizə də sağlığında onunla görüşmək, söhbətləşmək qismət olmadı... Aktyor, rejissor Arif Qasımovu yalnız ölümündən bir müddət keçdikdən sonra ailəsi ilə görüşüb, söhbətləşməklə yad etdik və daha yaxından tanıdıq.


Arif Qasımov 1950-ci ildə Bakıda anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 3 il sonra, 1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olub. Təhsilini daha sonra Moskvada Ali Rejissorluq Kursunda davam etdirib. Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilib. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləyib. İndiyə kimi 38 filmə çəkilib. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Yoxlama" filmində və "Mozalan" satirik kinojurnalında yaddaqalan rollar ifa edib. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq edib. Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışıb.

7 mart 2016-cı ildə sənətkarın vəziyyəti qəfildən pisləşdiyindən komaya düşdü və bir qədər sonra dünyasını dəyişdi.




AzVision.az aktyorun həyat yoldaşı Sevil xanım və qızı Nigar Qasımova ilə söhbətləşib.

- Bizə çox çətindir,- deyir Sevil xanım,- Düzdür, Arif neçə il idi ki, xəstə idi, ancaq yenə də ayaq üstə idi, yataqda yatmırdı. İşdən sonra aparıb, gəzdirirdim. Evin içində isə divardan tuta–tuta gəzirdi. Demək olar ki, təzyiqi də yox idi. Həmin axşam da onu gəzdirib evə gətirdim. Hər şey yaxşı idi, deyib gülə-gülə yatdıq. Səhər saat 5-də bir də gördüm, “Sevil, Sevil yıxılmışam”,- deyə məni çağırır. Gözümü açıb gördüm ki, yerdədir, çabalayır. Nigarla onu qaldıra bilmədik. Qonşuları köməyə çağırdıq. Onların köməkliyilə yatağa uzatdıq. Təcili yardım çağırdıq. Sən demə, onu ikinci dəfə insult vurub, bir tərəfi tutulubmuş, ona görə qalxa bilmirmiş. Səhər saat 5-dən axşam saat 7-yə kimi yataqda çabaladı. Təcili yardım çağırdıq. Nigarla yatağın yanında dayanırdıq ki, yıxılmasın.

Axsam 7-dən sonra komaya düşdü. Qızıma deyirdim ki, Nigar, atan komada olsa da, hər şeyi eşidir. Get, atanla söhbət et. Arifin yanında oturub danışırdım, bilirdim ki, eşidir. Qızım deyir ki, ana, mən ağladım, atamın gözündən yaş gəldi. Rəhmətə gedənə kimi başının üstündə durub danışırdıq, halallaşırdıq ki, bu dünyadan narahat getməsin. Nigar başının üstündə dayanıb bir neçə dua oxudu. Duanın axrıncı sözü bitən kimi keçindi. Əli də Nigarın əlində idi. Qızım dedi ki, ana, ataya nə isə oldu. Dedi, ata əlimi sıxıb, buraxdı. Sən demə, keçinibmiş…




Lap birinci dəfə, yeddi ildən bəlkə də bir az artıq müdətdə onu insult vurdu. İşdən gəlib gördüm ki, bir cür danışır. Dedim Arif, aydın danışımırsan axı. Deməli, bunu insult vurubmuş. Müalicəsi gedirdi. 5 ilə yaxın olardı ki, daha işləmirdi . Vəziyyət tədricən dəyişdi. Mən Allaha şükür edirəm ki, evin içində özünü dolandıra bilirdi. Mən də, qızım da işləyirdik. Termosda çay, xörək qoyurdum yanına. Özü durub, götürüb istifadə edirdi. Yəni özünü idarə edirdi. Ona deyirdim ki, Arif bir az kitab çox oxu ki, beynin yatmasın. Nizaminin, Füzulinin qəzəllərini əzbər bilirdi. Gündə iki dəfə: 12-də və 4-ün yarisi mənə, iş yerimə zəng edirdi. Soruşurdum, Arif, kitab oxudun? Deyirdi, hə..



- İncəsənət adamlarının işi çox çətindir. Bəzən rol alırlar, bəzən isə kənarda qalırlar… Təbii ki, bu cür situasiyalar sonradan özünü onların səhhətində göstərir.

Sevil xanım:
-Elə bir şey baş verməmişdi. O, daha çox rejissor kimi çalışırdı. Aktyorluğa dəvət edəndə gedirdi. Fikir eləmirdi ki, bunu çağırmayıblar. Çünki əsas işi aktyorluq deyildi. Arada işdə vəziyyət çətin oldu. Görünür, onun fikrin eləyirdi. Ancaq şikayət edən insan deyildi.

- Bacısı, qardaşı var idimi?

Sevil xanım:
- Bacısı da, qardaşı da rəhmətə gediblər. Onların qəfildən rəhmətə getməsi də ona təsir etdi. İlk dəfə insult vurması o dövrdə oldu. İki qardaş, bir bacı idilər. Və çox mehriban idilər. Qardaşı görünüşdən soyuq görünürdü, ancaq deyəndə ki, Arif xəstələnib, onun gözlərində bir məhəbbət yaranırdı. Arif ən kiçikləri idi. Sağ olsaydılar, Arifin yoxluğuna dözə bilməzdilər. Qohum-əqrabası onu çox istəyirdi. Atası maştağalıdır, ancaq Bakıda böyüyümüşdülər.




- Bu insan sırf incəsənət üçün yaranmışdı elə bil. Onu hansısa başqa bir sahədə təsəvvür edə bilmirəm. Yəqin ki, bu istedad ona ailədən, gendən gəlib…

Sevil xanım:
- Yox, onun atası mənə həmişə deyirdi ki, bilmirəm bu, kimə oxşayıb. Onların tayfasının yarısı həkimdir, yarısı isə müəllim. O, heç kimə oxşamayıb. Səkkiz yaşında onu Yaşar Nuri telestudiyaya gətirib. “Buratino” rolunda oynayırdı. Cavnalıqda kloun olmaq istəyirmiş. Sirkin direktorunun yanına gedib. Atası da həkim idi. Sirkin direktoru da atasının xəstəsi olub. Arif gedib, direktor deyib ki, filan gün gələrsən. Və atasına deyib ki, oğlun gəlmişdi, mən onu götürmək istəyirəm. Atası deyib ki, götürmə. Arif də gedəndə direktor bildirib ki, incimə, atan xahiş etdi ki, götürməyim səni. O vaxtlar böyük-kiçik arasında o qədər pərdə olub ki, nə Arif atasına deyib ki, niyə icazə vermədin, nə də atası deyib ki, niyə ora getmişdin. Bu söhbət onunla qurtarmışdı. Ancaq içindəki istək onu yenidən İncəsənət İnstutuna gətirmişdi.



Nigar Qasımova: - Bir dəfə ondan niyə kloun olmaq istəməsini soruşdum. Dedi ki, bacararam da onu, burada nə var ki? Həmişə deyirdi ki, “Paris Notrdam kilsəsi”ndəki Qozbeli oynamağı çox istəyir. Rejissor Vaqif Mustafayevin bütün filmlərində çəkilib. Atam elə bir aktyor idi ki, filmə görə qiymət demirdi. Özünə yaraşdırmırdı . Deyirdi ki , mən ya oyanyıram, ya da oynamıram. Evdə bir qəpik pulu olmasa da, heç vaxt qiymət danışmazdı. Hər baxımdan ciddi adam idi.



Sevil xanım: Mən də bilirdim ki, kimə gedirəm. Bilirdim ki, incəsənət adamında heç vaxt pul olmayıb. Bəlkə 20 yaşında getsəydim, fikirləşərdim bunu. Əsas odur ki, insanla evin içində dolana biləsən, marağın olsun söhbət etməyə. Nədən söhbət etsən, o adam davamını gətirirdi. Çox oxumuşdu.

Qızım da bu sənətə getmək istəyirdi. Mən qoymadım. Nigar musiqi məktəbini bitirib. Səsi də var. Muğama getmək istəyirdi. Ancaq onu incəsənətdən uzaqlaşdırdım. Arif həmişə onu muğam məşqlərinə aparırdı.

- Nigar, Arif Qasımovu ata kimi necə xarakterizə edərsən?

Nigar Qasımova:
- Ata elə bir insan idi ki, böyük ilə böyük kimi, kiçik ilə kiçik kimi davranırdı. Yumşaq xasiyyətli idi.



Sevil xanım: Yadımdadır, Nigarla zarafatla dublyajlar edirdilər, birlikdə karaoke oxuyurdular. Hər yerə Arif aparırdı onu, bir tamaşa, tədbir qalmırdı. Çox həvəsli idi uşağa qarşı. Deyirdim ki, Arif, bu, uşaqdır, sən də qoşulmusan ona. Axrıncı günüə kimi sənətinə çox həvəskar idi, çox. Ancaq axrıncı günlər ona bir az diqqət olmadı. Düzdür, AzTV mütəmadi diqqət yetirirdi. Ancaq bir aktyor kimi yada düşmədi. Gözü yolda idi. Rejissor Ramiz Həsənoğlu, Adil İlşad hərdən bizə zəng vururdular.

- Həmidə Ömərova ilə yaxın dost idilər, bəs o necə, dəfninə gəldimi?

- Gəlmədi. Ola bilər, ezamiyyətdə idilər. Səidə Quliyeva, Həmidə Ömərova, bir də Arif çox istəyirdilər bir-birlərini. Onlar gəlsəydilər, Arif çox sevinərdi. Nuriyyə Əhədova da Arifi çox istəyirdi. “Space”də Arifin ad gününü qeyd edirdilər. Nuriyyə xanım oynayırdı, sonra gəlib Arifin qulağına nə isə deyirdi. Soruşdum ki, Arif, Nuriyyə xanım nə deyirdi elə? Dedi, “Arif sənə görə oynayıram ha”,- pıçıldayır. İndi həyat o qədər çətin olub ki, görüşə bilmirdilər. Onları da qınamıram.




- İş təklifi var idimi?

- İş təklifi gözləmirdi. O, xəsətələnmişdi, çətin yeriyirdi deyə, İTV–dən gələn film çəkilişinə də razılaşmadı. Zəng etdilər, dedi ki, yox, çəkilə bilmərəm. Ən axrıncı səhnəyə çıxmağı Yaşar Nurinin 60 illiyində oldu. “Dədə Qorqud” tamaşasında balaca bir rol oynadı. Məşqlərə onu Nigar aparırdı.

- Eyni zamanda gözəl rəqs edirdi. Bir neçə filmdə də bu bacarığını göstərmişdi.


Sevil xanım:
- İndi qızı toyda rəqs edəndə inanırsınızmı ki, hamı dayanıb, tamaşa edir. Atası ilə toyda həmişə bir yerdə rəqs edirdilər. Dəhşət həvəsli idi oynamağa. Arif özü öyrənmişdi, rəqs məktəbinə getməmişdi.

- Sizin Arif bəylə yolunuzun birləşməyindən danışaq…




Sevil xanım: - Biz çox gec ailə qurmuşuq. 1992-ci il idi, Arifin o zaman 42, mənim isə 40 yaşım var idi. Biz nikaha gedəndə dedilər ki, bir-birinizi haradan tapmısınız? Heç birimiz əvvəlcə ailə qurmamışdıq. Bizi dostlarımız tanış elədilər. Cavan qızlar həmişə fikirləşirdi ki, beləsinə gedərəm, eləsinə gedərəm. Mənim üçün ən vacibi o idi ki, mədəni adam olsun. Fikirləşmirdim ki, dövlətli olsun. Bunların ailəsi də çox mehriban idilər bir–birlərilə. Yumşaq təbiətli insan idi, səhnədə necə şən, gülərüz idisə, evdə də elə.

Nigar Qasımova: - Mənə demədiyi söz yox idi. Ceyranım, balam, şəkərim… Vaxt var idi, yuxudan duran kimi gəlib başımın üstündə
Flora Kərimovanın mahnısını oxuyardı. (ağlayır)



Sevil xanım: - Dərslərilə Arif məşğul olurdu. Elə atasının bitirdiyi məktəbdə oxyurdu. Sinif yoldaşı var idi, Nigar Dadaşova, onu hamı “Dadaşova” deyə çağırırdı. Bizə zəng edən kimi Arif götürüdü ki, “Dadaşova, sənsən?” Deyirdim Arif, o, uşaqdır, sənin tayındırmı? Deyirdi, sinifdə hamı onu Dadaşova çağırır, mən də elə deyirəm. Sağlığında Arifin ad gününə qızımın sinif yoldaşları da gəlirdilər. Çünki şən adam idi. Onlarla deyib-gülürdü.



Şahanə Rəhimli
Elvin Abdulla




Teqlər:  





Xəbər lenti