DİN-dən seçki xəbərdarlığı

DİN-dən seçki xəbərdarlığı
  30 İyul 2013    Oxunub:1080
`Seçki məntəqə və dairələri mühafizəyə götürüləcək ki, heç bir müdaxilə olmasın`
Daxili İşlər Nazirliyi seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayır. Hətta çalışırıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilsin. Hesab edirəm ki, burada da ciddi problem olmayacaq.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov bildirib.

Nazir müavininin sözlərinə görə, DİN istəyir ki, seçkilərdə iştirak edəcək seçicilərin - vətəndaşların hər birinin hüququ təmin edilsin:

"İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə bunu etmək mümkün deyil".

Trend-in məlumatına görə, O.Zalov deyib ki, seçkilər zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin ediləcək: "Polis əməkdaşlarının seçkinin gedişatına müdaxiləsinin baş verməməsi təmin ediləcək. Polis yalnız hər hansı xoşagəlməz hadisə baş verdikdə komissiya sədri onları dəvət edərsə, məntəqəyə girə bilər".

Nazir müavini bildirib ki, partiya və siyasi təşkilatların toplantı keçirdiyi yerdə təhlükəsizlik tam təmin olunacaq. Qanunsuz hərəkətlərə isə adekvat reaksiya veriləcək: "Onlar yerli icra orqanları tərəfindən onlara ayrılan yerlərdə tam sərbəst mitinq keçirə, seçiciləri ilə görüşə bilərlər və biz də bu tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırıq. Həmin ərazilərdə onların təhlükəsiz şəkildə fikirlərini söyləməsinə şərait yaradacağıq. Əgər MSK tərəfindən müraciət olarsa, namizədlərin təhlükəsizliyini də üzərimizə götürə bilərik. Qanunsuz piket və mitinqlərin isə qarşısı qanuna müvafiq şəkildə alınacaq".

Zalov deyib ki, nəzarət etdiyimiz ərazilərdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün kifayət qədər texniki vasitələrə malikik və həmin əraziyə dərhal operativ polis naryadları göndərilib profilaktik tədbirlər aparılacaq:

"Seçki məntəqə və dairələri mühafizəyə götürüləcək ki, heç bir müdaxilə olmasın. Polis əməkdaşları yalnız seçki komissiyasının üzvləri məntəqəyə gələndən sonra oranı tərk edəcək və heç bir müdaxilə olmadan öz xidmətlərini kənarda davam etdirəcəklər. Yalnız bir formada seçki məntəqələrinə daxil ola bilərlər ki, komissiya sədri rəsmi qaydada müracət edib polisi ora hər hansı bir xoşagəlməz hadisə ilə əlaqədar dəvət etsin. Yanız bundan sonra polis naryadları, ərazinin sahə rəisi və ya hadisəyə uyğun olaraq digər xidmət əməkdaşları ora daxil olub yerində araşdırma apara bilərlər".

Nazir müavini sonda qeyd edib ki, sabah - iyulun 31-də daxili işlər naziri Ramil Usubovun iştirakı ilə nazirlikdə növbəti kollegiya iclası keçiriləcək. Bu iclasda seçkilərə hazırlıq də prioritet məsələlərdən biri olacaq.


Teqlər:  





Xəbər lenti