Almaniya yığması da 1/4 finala çıxdı

Almaniya yığması da 1/4 finala çıxdı
  27 İyun 2016    Oxunub:2479
İyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci günündə Almaniya və Slovakiya yığma komandaları qarşılaşıblar.
Lill şəhərindəki “Pyer Moro” stadionunda keçirilən matçı polşalı baş hakim Szimon Marçinak idarə edib.

Görüşdə hesab matçın 8-ci dəqiqəsində açılıb. Jerom Boatenq dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 1:0.

Matçın 13-cü dəqiqəsində Almaniya yığması 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə edib. Lakin Məsud Özilin zərbəsini qapıçı dəf edə bilib. Buna baxmayaraq, almaniyalılar matçın 43-cü dəqiqəsində Mario Qomezin qolu ilə hesab arasındakı fərqi iki topaz çatdırıblar. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun ikinci hissəsi də Almaniya yığmasının aşkar üstünlüyü şəraitində keçib. Üçqat Avropa çempionları bu üstünlüyü qarşılaşmanın 63-cü dəqiqəsində üçüncü qolla rəsmiləşdiriblər. Yulian Draksler yaxın məsafədən topu qapıya göndərib – 3:0.

Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və Slovakiya millisi üzərində 3:0 hesablı qələbə qazanan Almaniya yığması dörddəbir finala vəsiqəni çətinlik çəkmədən təmin edib.

Dörddəbir finalda Almaniya yığmasının rəqibi iyunun 27-də keçiriləcək İtaliya-İspaniya qarşılaşmasının qalibi olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti