Daha bir azərbaycanlı atletdə dopinq aşkarlandı

Daha bir azərbaycanlı atletdə dopinq aşkarlandı
  21 İyun 2016    Oxunub:2767
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən atletlərin siyahısını açıqlayıb. Orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançılar arasında Azərbaycan təmsilçisi İntiqam Zairov da var.
O, həmin olimpiadada 85 kq çəki dərəcəsində çıxış edib və iki hərəkətin cəmində 361 kq (birdən 166 kq, təkanla 195 kq) nəticə ilə 9-cu yeri tutub. Təkrar yoxlama zamanı ağırlıqqaldıranımızın dehidroxlorometiltestosteron qəbul etdiyi üzə çıxıb.

Zairov bir neçə gün öncə 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb. Amma onun 8 illik cəzasına 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanması ilə bağlı olub.

"Pekin-2008"də çıxış etmiş ağırlıqqaldıranlardan daha 6-nın - Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) təkrar dopinq analizi müsbət nəticə verib. Onlar qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırılıblar.

Qeyd edək ki, Pekin olimpiadasında İlya İlyin (94 kq) qızıl, Marina Şainova (58 kq) gümüş, Nadejda Yevstuxina (75 kq) bürünc medal qazanıb, Aleksandru Dudoqlo (69 kq) 9-cu, Hripsime Xurşudyan (75 kq) 11-ci yeri tutub, Nurcan Taylan (48 kq) isə heç bir nəticə göstərə bilməyib. Onların nəticələri ləğv olunsa, hazırda karyerasını başa vurmuş Nizami Paşayev 94 kq çəkidə 4-cü pilləyə yüksələcək.

Qeyd edək ki, daha öncə IWF Azərbaycanın 6 ağırlıqqaldıranını uzun müddətə diskvalifikasiya edib. İntiqam Zairovdan əlavə, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev və Valentin Xristov 8 il (dekabr, 2023), Dadaş Dadaşbəyli 4 il (dekabr, 2019) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. ("Report")

AzVision.az


Teqlər:





Xəbər lenti