AzərTac `Bakı Şəhər Halqası` ilə saziş imzaladı
Sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AzərTac-ın baş direktoru Aslan Aslanov imzalayıblar.
AzərTac ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikdir və “Formula-1” Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. AzərTac-ın saytında bu gündən etibarən “Formula-1” bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.
Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib ki, əldə olunan razılığa əsasən, AzərTac ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq: “Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. İnanırıq ki, həm Avropa Qran-prisinin, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”.
Tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışan AzərTac-ın baş direktoru Aslan Aslanov bildirib ki, agentlik təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək “Formula-1” yarışının da fəal təbliğatını aparır. Avropa Qran-prisinin informasiya təminatı üçün bütün potensialını səfərbərliyə alan agentlik üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman yarışının təkcə Azərbaycanda deyil, bütün dünyada təbliğinə töhfəsini verməyə çalışacaq.
Sazişə əsasən, AzərTac “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.
Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıda qonaq olan Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Teqlər: