Beynəlxalq Federasiya illik toplantısını Azərbaycanda keçirəcək

Beynəlxalq Federasiya illik toplantısını Azərbaycanda keçirəcək
  13 May 2016    Oxunub:1477
14-16 may 2016-cı il tarixlərində Bakı şəhərində Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının illik toplantısı keçiriləcək.

Tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirə UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq. Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

Xatırladaq ki, Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.

Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu mötəbər qurumdakı mövqeyini dahada möhkəmləndirib. Əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsi nəticəsində Beynəlxalq Federasiya bu il də İdarəetmə Şurasının, Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarınınillik toplantılarının Bakıda keçirilməsini qərara alıb.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) 2010-cu ildən etibarən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) tam hüquqlu və ən aktiv üzvlərindən biridir.


Teqlər:  





Xəbər lenti