İslam Oyunlarının yeni loqosu təqdim olunacaq

İslam Oyunlarının yeni loqosu təqdim olunacaq
  11 May 2016    Oxunub:1852
Mayın 12-də IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası işə başlayacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sayca 3-cü iclasa Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri qatılacaq.

Toplantıda ötən görüşdən indiyədək Oyunların həyata keçirilməsi istiqamətində aparılmış və qarşıdakı müddət ərzində aparılması tələb olunan işlər ətrafında müzakirələr gedəcək. Günün ikinci hissəsində isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.

12 May tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bunula əlaqədar mətbuat konfransı zamanı Oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək. Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında islamiadaya 1 il qalması münasibətilə idman nümayişi olacaq.

Ertəsi gün IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar MOK-ların “Açıq gün” iclası keçiriləcək. 36 ölkənin 70-dən artıq nümayəndəsinin qatılacağı iclas zamanı Oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti