Azərbaycan idmanına ağır itki

Azərbaycan idmanına ağır itki
  31 Mart 2016    Oxunub:2972
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Mirkamil Rəhimov uzun sürən xəstəlikdən sonra, ötən gün ömrünün 60-cı ilində vəfat edib.

Rəhimov Mirkamil Pirəli oğlu 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub.
1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşqul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakultəsinə daxil olub və inistutda ictimai əsaslarla qrup komsomol katibi vəzifəsini yerinə yetirib.

1977-ci ildə İnstitutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xoborovsk vilayətinin Svobodnıy şəhərində bir il hərbi xidmət keçib. Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb.

“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən M.Rəhimov 1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi, sonralar isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 02 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mirkamil Rəhimov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Uşaq Futbolu Federasiyasının prezidenti idi.

Allah rəhmət eləsin!

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti