Dollar niyə kəskin ucuzlaşır?

Dollar niyə kəskin ucuzlaşır?
  30 Mart 2016    Oxunub:4936
“Manatın son günlər möhkəmlənməsi Mərkəzi Bankın inzibati yolla milli valyuta bazasını azaltması ilə bağlıdır”.
Bunu AzVision.aza açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, dollarlaşma prosesi ölkədə ona gətirib çıxardı ki, vətəndaşlar əllərində olan milli valyutaları dollar çevirməyə başladılar. Bu səbəbədən dollarlaşma səviyyəsi kifayət qədər yüksək oldu.

“Müəyyən müddətdən sonra dollarlaşma prosesinin artması yenidən manata təklifi artırıb. Çünki vətəndaşlar və biznes sahəsi xərcləmələr etməlidir. Bunun üçün manata ehtiyac var. Mərkəzi Bank inzibati yolla manat bazasını azaldır. Son bir ildə manat bazası 2 dəfədən çox azalıb. Hal-hazırda manat bazası 5 milyarddan azdır. Bu o deməkdir ki, vətəndaşlarda və biznes sahələrində kifayət qədər manat yoxdur ki, dollar alsınlar. Mərkəzi Bank “az manat, dollara az təklifdir” siyasətini irəli sürür. Bu iqtisadiyyat üçün o qədər də arzuolunan olmasa da, Mərkəzi Bank bu yolu seçib. Qısamüddətli dövr üçün səmərəli olsa da, orta və uzunmüddətli dövr üçün səmərəli siyasət hesab olunmur”.



Ekspert bildirib ki, manatın möhkəmlənməsi birbaşa real sektora hansı səviyyədə manatın daxil olacağından asılı olacaq: “Bu gün real sektorda manat qıtlığı yaşanır. Öz pullarını dollara çevirmiş insanlar xərcləmələr üçün manat almaq məcburiyyətindədirlər. Son hərraclarda dolların satılmamasının səbəblərindən biri də ondan ibarətdir ki, bazarın manata təklifi var. Banklar bu baxımdan dollara tələbi xeyli azaldıb. Növbəti dövrdə manatın hansı səviyyədə möhkəmlənəcəyi Mərkəzi Bankın dövriyyəyə nə qədər manat daxil edəcəyindən asılı olacaq”.

V.Bayramov qeyd edib ki, son vaxtlar hərraclara Mərkəzi Bank deyil, Dövlət Neft Fondu çıxır: “Dövlət Neft Fondunun auksiona çıxmasının səbəbi ondan ibarətdir ki, Mərkəzi Bank manatı alıb saxlayır, amma Dövlət Neft Fondu aldığı manatı sonradan dövriyyəyə buraxır. Çünki aldığı manatı büdcəyə transfert edir. Bununla da manat dövriyyəyə qayıdır. Hazırda manatın möhkəmlənməsi bazarın diktəsi deyil. Mərkəzi Bank manatın bazasının bu qədər məhdudlaşdırılması siyasətini davam etdirməli deyil. Artıq dollarlaşma prosesi başa çatdığı üçün Mərkəzi Bank milli valyutanı real sektora buraxa bilər. Belə ki, əks dollarizasiya prosesindən istifadə etməklə Mərkəzi Bank dövriyyəyə daha çox manatın daxil olmasına imkan yaratmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti