...Dərhal güllələnsin!... – ARAŞDIRMA, FOTOLAR

  13 İyul 2013    Oxunub : 9852
...Dərhal güllələnsin!... – ARAŞDIRMA, FOTOLAR
Davamı. Əvvəli burada

1937-ci iln iyulunda yerli təşkilatlara Stalinin imzası ilə Siyasi Büronun məxfi direktivi göndərildi: “...Məlumdur ki, bütün burjua kəşfiyyatları sosialist proletariatının nümayəndələrinə qarşı fiziki təzyiqin ən iyrənc üsullarından istifadə edirlər. Sual olunur, nəyə görə sosialist kəşfiyyatı burjuaziyanın agentlərinə, fəhlə və kəndli sinfinin mənfur düşmənlərinə münasibətdə daha humanist olmalıdır? ÜKP(b) MK belə hesab edir ki, hələ tam tərksilah edilməmiş xalq düşmənlərinə qarşı fiziki təzyiq üsulu tamamilə doğru və məqsədəuyğun metod kimi tətbiq edilə bilər”.

Həbs olunanların taleyini yerlərdə “üçlüklər” həll edirdi. Bir qayda olaraq buraya xalq komissarı və ya Xalq Daxili Işlər Komissarlığının yerli idarəsinin rəisi, partiya təşkilatının katibi və prokuror daxil idi. “TROYKA” adlanan bu üçlüklər föqəladə səlahiyyətlərə malik idilər. Onlar müstəqil olaraq hökm çıxara , güllələnmələr də daxil olmaqla bu hökmlərin icrası haqqında əmrlər verə bilərdilər.

1937-ci ildə Azərbaycan KP MK-nın Moskvaya göndərdiyi hesabatlardan birində deyilirdi ki, respublikada 32 nəfər partiya komitəsinin katibi, 28 nəfər rayon icraiyyə komitəsinin sədri, 18 nəfər xalq komissarı və onların müavinləri, 66 mühəndis, 8 professor, 88 hərbi qulluqçu həbsə alınıb.

1937-ci ilin may ayında XII Bakı partiya konfransında Mir Cəfər Bağırov tribunada çıxış edən Soltan Məcid Əfəndiyevin sözünü kəsib qəzəblə demişdi:
“Əfəndiyev istəyir ki, biz ona silahla açıq çıxış etmək imkanı verək. Sən gəbərəcəksən, ancaq biz buna yol verməyəcəyik. Vaxtında sənin nəfəsini kəsib axırına çıxacağıq”.

Yuxarıda həbs edilənlərin guya aşağılarla əlbir olduğunu sübut etmək üçün Azərbaycanın kəndlərində üsyançı dəstələrin olduğunu sübut edən saxta sənədlər hazırlanırdı.

1937-ci ilin iyununda Şamaxı rayonunun Təklə kəndindəki Molotov adına kolxozun sədrinə tapşırıq verilir ki, respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını versin. Siyahı tutulur və oraya yaşı 30-dan yuxarı olan 70 kişi daxil edilir. Həmin adamlar gecəykən həbs edilib Bakiya- Xalq Daxili İşlər Komissarlığının həbsxanasına göndərilir. Onlardan 60 nəfəri güllələndikdən sonra xalqa elan olundu ki, Həmid Sultanovun başçılığı ilə Şamaxı rayonunda antisovet, əksinqilabçı, üsyançı , casus-terrorçu və burjua - millətçi təşkilat aşkar edilib.

Kəndlərdə həbs edilənlərin həyat yoldaşlarından ifadələr alınırdı ki, onların ərləri sovet hökumətinə qarşı üsyana hazırlaşırlar. Lazımi ifadələr alındıqdan sonra qalırdı maddi sübut məsələsi. Maddi sübutu- yəni silahı ya NKVD işçiləri özləri həyətlərə atıb sonra tapırdılar, ya da həbs olunanların adamlarını aldadırdılar ki, əgər silahı təhvil versəniz həbsdə olan buraxılacaq. Bunun üçün bəziləri hətta qapısındakı mal-qarasını satıb silah alırdı. Bundan sonra isə ən dəhşətlisi baş verirdi. Həbs olunanlar güllələnir və bu silahlarla onların şəkilləri çəkdirilirdi. İsmayıllı, Şamaxı, Nuxa, Qonaqkənd, Astraxanbazar , Xızı rayonlarında bu ssenari uğurla səhnəyə qoyulmuşdu. SSRİ və Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlıqlarının xüsusi sərgilərində nümayiş etdirilmək üçün çəkilmiş fotolarda həmin illərin dəhşətləri əks olunub.
Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sibirə sürgün edilmişdi.

Həbsdən yayınanları tutmaq üçün isə tamam başqa yollar var idi. Həmin dövrdə bir XDİK əməkdaşının yuxarılara göndərdiyi raport öz orjinallığı ilə seçilir:
“Azərbaycan SSR XDİK- nın Xüsusi Müşavirəsinin şöbə rəisi dövlət təhlükəsizliyi kapitanı X. Qriqoryana.
Bildirirəm ki, siyasi quldur qaçaq Həmidin yaxınlarından 32 ailə tərəfimizdən həbs edilərək Nuxa həbsxanasında saxlanılır. Bu adamların artıq 8 aydan çoxdur ki, həbsxanada saxlanılmasına baxmayaraq, siyasi quldur Həmid hələ də təslim olmayıb. Əgər əvvəllər belə hallarda siyasi quldurlar təslim olurdularsa, indi artıq bu üsul fayda vermir. Əgər biz bu adamları azad eləsək, camaatda belə bir fikir yarana bilər ki, Sovet hökuməti yerli əhalidən qorxur. Ona görə də Xüsusi Müşavirənin iclasında siyasi quldur Həmidin siyahıda göstərilən bütün qohumlarının respublikadan kənara sürgün olunması işinə baxılmasını məqsədəuyğun sayıram”.


Üç gündən sonra XDİK-nın üçlüyünün qərarı ilə bu 32 ailə respublikadan kənara sürgün edildi.

1938- ci il may ayının 20- də “Repressiya olunmuş valideynlərin uşaqları haqqında” SSRİ Xalq Daxili Işlər Komissarlığının 106 N- li direktivi verildi.
Direktivdə deyilirdi:
“5- ci bənd. Antisovet və terrorçu əhvalruhiyyədə olan sosial təhlükəli uşaqlar, ümumi qaydalarla məhkəməyə verilməli və XDİK- nın Düşərgələr üzrə Baş İdarəsinin fərdi naryadı üzrə düşərgələrə göndərilməlidir.”
“8-ci bənd. Repressiya olunmuş valideynlərin uşaqlarını yaşının ötməsi və təhsilini başa vurması səbəbindən SSRİ XDİK- nın İnzibati- Təsərrüfat İdarəsinin xüsusi göstərişi olmadan uşaq evlərindən buraxmaq olmaz ”.



1937- ci ildə həbslər və güllələmələr elə geniş miqyas almışdı ki, elə düşünülə bilərdi ki, cəza əməliyyatları nəzərdə tutulan müddətdə- 1937- ci ilin ikinci yarısında başa çatdırılacaq. Ancaq 1938-ci ilin yanvar ayının 31-də Siyasi Büro yeni terror dalğasinin başlanmasina işarə edən iki qərar qəbul etdi. Birinci qərar xarici ölkə və sovet vətəndaşlarından ibarət casus- diversiya kontingentinin darmadağın edilməsi üzrə əməliyyatların 1938 –ci il aprel ayının 15-nə qədər davam etdirilməsi, ikinci qərar isə SSRİ Xalq Daxili Işlər Komissarlığının “repressiya olunmalı keçmiş qolçomaqların, cinayətkarların və aktiv antisovet elementlərin əlavə miqdarının təsdiq edilməsi haqqında” müraciətinin qəbul edilməsi haqqında idi. 00447 №-li əmr üzrə mart ayının 15- dək aparılacaq əməliyyatlar zamanı daha 57 200 adamın repressiya olunması nəzərdə tutulurdu. Bunlardan 48 000- nin güllələnməsi nəzərdə tutulmuşdu. Bundan əlavə, 1938- ci il fevralın 1-də Siyasi Büro Uzaq Şərq düşərgələrində 12 000 məhbusun güllələnməsini nəzərdə tutan limiti təsdiq etdi.

Repressiyaların 1938- ci ildə də davam etdirilməsinin iki səbəbi var idi. Birincisi, 1937-ci ildə həbs olunanların və həbs olunması nəzərdə tutulanların sayı o qədər çox idi ki, çekistlər bu vəzifənin öhdəsindən gələ bilmirdilər. Digər tərəfdən isə repressiya olunmalı yeni əhali kateqoriyaları müəyyən edilirdi. Bu barədə göstərişləri isə Xalq Daxili Işlər Komissarlığına Kremldən birbaşa Stalin özü verirdi. 1938-ci il yanvarın 17- də Rəhbər özü Yejova yazırdı:

“Eserlərin xətti hələ də dağıdılmayıb... Nəzərdə saxlamaq lazımdır ki, bizdə orduda və ordudan kənarda kifayət qədər eser qalıb. Xalq Daxili Işlər Komissarlığında ordudakı eserlərin siyahısı varmı? Bu siyahının tezliklə mənə göndərilməsini istəyirəm. Bəs ordudan kənardakı- mülki müəssisələrdəki eserlərin Xalq Daxili Işlər Komissarlığında siyahısı varmı? Mən bu siyahının da 2-3 həftəyə mənə çatdırılmasını istəyirəm... Bakıdakı və Azərbaycandakı iranlıların aşkar olunub həbs edilməsi ilə bağlı hansı işlər görülüb? Sizi istiqamətləndirmək üçün deyə bilərəm ki, vaxtilə eserlər Saratovda, Tambovda, Ukraynada, ordunun komandir heyətində, Daşkənddə və ümumiyyətlə bütün Orta Asiyada, Bakının elektrik stansiyalarında daha çox idilər. Bakının elektrik stansiyalarındakı eserlər hələ də orada oturub neft sənayesinə ciddi ziyan vurmaqla məşğuldurlar. Fəal və bacarıqla hərəkət etmək lazımdır!”



Mütləq hakimiyyətin və yüksək maddi təminatın harınlaşdırdığı bəzi XDİK rəhbərləri hətta həbs və məhkum edilənlərin sayına görə şöbələrarası sosializm yarışları təşkil edirdilər. Respublika Xalq Daxil İşlər Komissarının “1938- ci il fevral ayı üzrə respublika XDİK-nin üçüncü və dördüncü şöbələri arasında sosializm yarışının yekunları haqqında” əmrində deyilirdi:

“Dördüncü şöbə üçüncü şöbəyə nisbətən ay ərzində həbslərin sayını 1,5 dəfə artırıb və ifşa edilən casusların, əksinqilabi təşkilatların üzvlərinin sayı üçüncü şöbədəkindən 13 nəfər çox olub. Üçüncü şöbə isə 20 iş Hərbi kollegiyaya, 11 iş isə Xüsusi kollegiyaya təhvil veribdir ki, bu da dördüncü şöbədəkindən yüksək göstəricidir. Ancaq Dördüncü şöbənin əməkdaşları başa çatdırılmış və üçlük tərəfindən baxılmış işlərin sayını təxminən 100 nəfər artırıblar”.



“Böyük təmizləmə” başladığı kimi də mərkəzləşdirilmiş şəkildə başa çatdırıldı. 1938-ci ilin payızında Stalinə aydın oldu ki, “böyük təmizləmə” ölkənin qüdrətini və onun nüfuzunu təhlükə altında qoyub. Əvvəlcə SSRİ Xalq Komissarları Sovetinin və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin 15 noyabr 1938- ci il direktivi ilə “üçlük”lərin fəaliyyətinə xitam verildi. Sonra isə “Həbslər, prokuror nəzarəti və istintaqın aparılması haqqında“ 17 noyabr tarixli qərarı ilə kütləvi həbslərin və sürgünlərin dayandırılmasına siqnal verildi.

Bir həftədən sonra isə Yejov Xalq Daxili Işlər Komissarı vəzifəsindən kənarlaşdırıldı və çox keçmədi ki, həbs edildi. Bu vəzifəyə Lavrentiy Beriya təyin olundu. “Böyük terror”un dayandırılması ilə məhkum edilmişlərin bir qismi reabilitasiya olundu. Təkcə 1939- cu ildə həbsxana və düşərgələrdən 223 622 məhbus buraxıldı. Ancaq bunların əksəriyyəti adi cinayətkarlar idi. İşləri hələ istintaq altında olanların azadlığa çıxmaq şansı daha böyük idi, çünki onların cinayət işlərini aparan çekistlərin çoxusu özləri “xalq düşməni” kimi həbs edilmişdilər. 1939- cu il yanvarın 1-dən 1940- cı il yanvarın 1-dək ölkə düşərgələrində “əksinqilabi fəaliyyətə görə” həbs olunmuşların sayı 454 432 nəfərdən 444 999 nəfərə qədər azaldı. Lakin repressiya sisteminin bütün mərhələlərini adlamış bu insanlar canlı şahidlər idi və onların tam nəzarətsiz buraxılmasından söhbət gedə bilməzdi.

1938-ci ilin əvvəllərindən başlayaraq, Kremlə göndərilən donoslarda Bağırovun Azərbaycan Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilmiş bir çox insanların azad edilməsi barədə göstərişlər verməsi göstərilirdi. Ona görə də, həmin il Yejovun tapşırığı ilə Bakıya SSRİ Xalq Daxili İşlər Komissarlığından böyük bir komissiya gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizənin zəif təşkil edilməsini və Mircəfər Bağırovun əks-inqilabçılara qayğı ilə yanaşmasını üzə çıxarmaq idi. Komissiya Mircəfər Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görürdü. Beriyanın NKVD-nin sədri təyin olunması onu həbsdən xilas edir. Beriya istintaq materialları ilə tanış olarkən “Ay-ay-ay, bunlar nə ediblər” deyərək bütün özbaşınalıqlar barədə Stalinə məlumat verir.

1940- cı il mart ayının 21- də Pankratyev və Xalq Ədliyyə Komissarı Rıçkov tərəfindən 57/37 №-li gizli əmr verildi.Əmrdə deyilirdi ki, “əksinqilabi fəaliyyətə görə” həbs olunmuş şəxslər qanunda nəzərdə tutulduğu kimi azad oluna bilməzlər. Bu adamlar SSRİ Xalq Daxili Işlər Komissarlığının Xüsusi Müşavirəsinin qərarı ilə ölkənin ucqarlarına sürgün olunmalı idilər.

1941- ci il iyunun 22- də faşist Almaniyasının SSRİ- yə hücumu ilə repressiyaların səngiyəcəyini güman edənlər yanılırdılar. Rus filosofu İlyinin yazdığı kimi, “müharibə vaxtı Xalq Daxili Işlər Komissarlığının həyata keçirdiyi terror həmişə olduğu kimi təhlükə anında ikiqat gücləndi”.

SSRİ-nin müharibəni qələbə ilə başa çatdırmasından sonra insanlarda repressiya olunmuş qohumlarının taleyindən xəbər tutacaqlarına bir ümid yaranmışdı. Merkulov, Çernışov və Kobulovun Beriyaya ünvanlanmış 29 sentyabr 1945-ci il tarixli məlumat vərəqəsində deyilirdi:


SSRİ XDİK- nın 1- ci xüsusi şöbəsinin rəisi polkovnik Kuznetsov yoldaşın XDİK- nın keçmiş üçlükləri və Ali Sovetin Hərbi Kollegiyası tərəfindən, eləcə də xüsusi qaydada ən yüksək cəza ilə məhkum edilmişlərin ailə üzvlərinə arayışların verilməsi qaydası haqqında təklifinə rəğmən məqsədəuyğun sayırıq:

1) Bundan sonra vətəndaşlara onların 1934- 38-ci illərdə XDİK- nın keçmiş üçlükləri və Ali Sovetin Hərbi Kollegiyası tərəfindən, eləcə də xüsusi qaydada ən yüksək cəza ilə məhkum edilmiş qohumlarının harada olması barədə sorğularına şifahi qaydada cavab verilsin ki, məhkumlar həbs yerlərində vəfat ediblər.
2) 1-ci xüsusi şöbələr hər bir belə arayışı yalnız müttəfiq (muxtar) respublikanın XDİK- nın, diyar (vilayət) XDİK İdarəsinin rəisinin sanksiyası ilə versin.
3)SSRİ XDİK yanında Xüsusi Müşavirə tərəfindən 1941- 45-ci illərdə Böyük Vətən Müharibəsi illərində ən yüksək cəzaya məhkum edilmişlərin ailələrinə şifahi arayışlar 1-ci xüsusi şöbələr tərəfindən əvvəlki qaydada verilsin. Yəni onlar yazışma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər...



1947-ci il may ayının 26-da SSRİ Ali Sovetinin fərmanı ilə ölüm hökmü ləğv edildi. Bu, beynəlxalq aləmdə sensasion bir addım kimi qiymətləndirildi. Bütün dünya mətbuatı Sovet ölkəsinin bu humanist addımından vəcdə gəlmişdi.

Ancaq aradan heç 3 il keçməmiş 1950-ci il yanvar ayının 12-də “Satqınlar, casuslar, diversantlar və ziyankarlar üçün ölüm hökmünün tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı verildi.


SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN
FƏRMANI



Ölüm cəzası haqqında fərman dəyişdirilərək, bu fərmanın Vətən xainlərinə, casuslara və pozucu-təxribatçılara şamil edilməməsi lüzumu haqqında milli respublikalardan, həmkarlar ittifaqlarından, kəndli təşkilatlarından, habelə mədəniyyət xadimlərindən alınan ərizələri nəzərdə tutaraq SSRİ Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
1.Ölüm cəzasının ləğv edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1947-ci il 26 may tarixli fərmanından istisna olaraq, Vətən xainlərinə, casuslara, pozucu-təxribatçılara qarşı ən yüksək cəza olaraq ölüm cəzasının tətbiq olunmasına yol verilsin.
2.Həmin fərman elan edildiyi gündən qüvvəyə minsin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
N.ŞVERNİK
SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi
A.QORKİN
Moskva, Kreml,12 yanvar 1950-ci il



Bu fərmanın verilməsindən düz 70 gün sonra mart ayının 23-də Mərkəzi Komitəyə Stalinin adına bir məktub daxil oldu:

“Bildirirəm ki, bu il mart ayının 14-də SSRİ Ədliyyə naziri yoldaş Qorşenin, SSRİ Ali Məhkəməsinin sədri yoldaş Volin və SSRİ-nin Baş Prokuroru yoldaş Safonov ÜKP MK-ya çağrılıblar. İndi onlar başa düşür və belə hesab edirlər ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1950-ci il tarixli Fərmanı cinayətin törədilməsi vaxtından asılı olmayaraq bu maddə ilə məhkum olunmuş bütün vətən xainlərinə, casuslara, diversantlara tətbiq olunmalıdır...”



SSRİ DTK-sının sədri Abakumov tərəfindən göndərilmiş bu məktuba 85 nəfərin adı olan bir siyahı da əlavə edilmişdi.

“Keçmişin təcrübəsinə əsaslanaraq, Hərbi Kollegiyanın iclaslarının Lefortovo həbsxanasında tərəflərin iştirakı olmadan, hər bir məhkumun işinə təklikdə baxılmaqla, şikayət və əhv xahişləri qəbul edilmədən və hökmün dərhal icra edilməsi ilə həyata keçirilməsini təklif edirik. İşlərin Hərbi Kollegiyada baxılmasına bu il mart ayının 27-də başlamağı nəzərdə tuturuq”.



“Leninqrad işi” və “Yəhudi antifaşist təşkilatının işi” üzrə həbs edilmişlərin də adı olan bu siyahı Stalin tərəfindən dəstəklənmədi. Aprel ayının 11-də Mərkəzi Komitəyə Abakumovdan təxminən eyni məzmunlu lakin düzəlişlərlə başqa bir məktub daxil oldu. Bu dəfə 35 nəfərin adı daxil edilmiş yeni siyahı dərhal təsdiq edildi və orada adı olanlar elə aprel ayındaca mühakimə olunaraq güllələndilər. Siyahıdan adı çıxarılanların - “Leninqrad işi” və “Yəhudi antifaşist təşkilatının işi” üzrə isə Stalin xüsusi məhkəmə prosesləri keçirilməsini tələb edirdi. Bu, proses kompaniyaya çevrilməli, yeni repressiya dalğasının başlanğıcı olmalı idi.
Mərkəzdə başlamış hər bir proses kimi bu iş də yerlərdə öz analogiyasını tapmalıydı.

1952-ci ilin avqustunda bu işlər üzrə sonuncu məhkəmə prosesi yekunlaşdı və hökm çıxarıldı. Dayanmaq olmazdı. 1952- ci il dekabrın 16-da Kreml xəstəxanasının Stalinə qarşı sui-qəsd hazırlamaqda günahkar bilinən rəhbərləri və həkimləri həbs edildi. Ölkə əhalisi bundan 1953-cü il yanvarın 13-də Sovet İttifaqı Teleqraf Agentliyinin rəsmi məlumatından xəbər tutdular.

1953- cü il mart ayının 4-də radio ilə Sov. İKP MK və Nazirlər Sovetinin sovet xalqına İ.V.Stalinin ağır xəstə olması barədə müraciəti səsləndi. Böyük rəhbərin beyninə qan sızmışdı... Hökumət ölkə başçısını müalicə etmək üçün dəvət olunmuş ən yaxşı həkimlərin siyahısı ilə tanış etdi. Əslində həmin vaxt ən yaxşı həkimlər həbsxanada müstəntiqlərin suallarına cavab verirdilər. Mart ayının 5-i günü gecə- gündüz radioda rəhbərin vəziyyətinin ağır olması barədə məlumatlar səslənirdi. Nəhayət mart ayının 6-da səhər tezdən İ.Stalinin ölüm xəbəri ildırım sürəti ilə bütün dünyaya yayıldı...



Füzuli Sabiroğlu
AzVision.az üçün

Foto


Teqlər: