`Uğur qazanmaq o qədər də asan deyil` - Artur Rasizadə (Yenilənib)

`Uğur qazanmaq o qədər də asan deyil` - Artur Rasizadə (Yenilənib)
  15 Mart 2016    Oxunub:3786
Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

AzVision.az-ın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

İclasda əvvəlcə martın 13-də Türkiyədə törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlik təsdiq olunub.

İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edir.

Qeyd edək ki, iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

***

A.Rasizadə qeyd edib ki, dövlət başçısının yeni qlobal çağırışlara uyğun olaraq aparılacaq isalahatların əsas istiqaməti ilə bağlı verdiyi tapşırıqlar hökumət tərəfindən cari ilin, yaxın gələcəyə fəaliyyət proqramı kimi qəbul olunub.

“Hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan Ümumi Daxili Məhsulun (ÜDM) dəyəri 1,1 faiz artıb. Qeyri-neft sektorunda artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilən 16 milyard vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əmək haqqı 5 faiz, əhalinin gəlirləri 5,8 faiz artıb. İllik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və bank sektorundakı çətinliklərə baxmayaraq hökumət və Mərkəzi Bankın apardığı işlər ötən ildə inflyasiyanı tək rəqəmli səviyyədə saxlanmasını təmin edib. 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinin icrası üzrə bütün sosial ödəlikləri, əsas dövlət proqramlarını, prioritet kəsb edən layihələrin maliyyələşməsi həyata keçirilib. Əhlaninin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil edib”.

Baş nazir vurğulayıb ki, ötən hesabat dövründə Azərbaycanda müasir formada beş qaçqın və məcburi köçkün şəhərciyi tikilib, istifadəyə verilib.

“Bu qəsəbələrə 15 mindən artıq məcburi köçkün və qaçqın köçürülüb. Qəsəbələrədə bütün sosial şərait yaradılıb. Bu qəsəbələrin salınmasına 430 milyon manat vəsait xərclənib”.

Baş nazir qeyd edib ki, ordunun müasir silah-sursatla təmin edilməsi istiqamətində müvafiq addımlar atılıb.

“Silahlı Qüvvələrin işğalçı tərəfə verdiyi cavablar bunu bir daha sübut edir. Silahlı Qüvvələrə yardım Fonduna ianə kimi daxil olan məbləğ 70 milyon manatdan çox olub. Hərbi sənaye kompleksinin müəssisələrində müdafiə təyinatlı məhsullar istehsal edilir.

Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlər arasında müşahidə edilən geosiyasi proseslər ziddiyətli durum yaradıb. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, uğurlar əldə edilməsi o qədər də asan deyil. Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkənin inkişafına, xalqın rifahına və əmin-amanlığına nail olacağıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti