Avropanın `ölü paltarı`, yaxud Qlobal Forumdan götürüləsi əsas dərs

Avropanın `ölü paltarı`, yaxud Qlobal Forumdan götürüləsi əsas dərs
  12 Mart 2016    Oxunub:5719
Jalə Tofiqqızı

Ölünün paltarından iyrənc bir şey, yoluxucu virus kimi qaçırıq. Elə bil ki, ona dəysək, əlimiz çürüyəcək. Bir şeyi unuduruq ki, ölü dediyimiz insan günlər, hətta saatlar öncə bizim qədər canlıydı və onun üzərindəki geyim heç bu qədər qorxulu da deyildi.


İndi Avropa da, Amerika da suriyalı qaçqınlara cəsədin üzərindən çıxarılmış paltar kimi baxdı. Elə bu baxışla da qapıları bu binəvaların üzünə bağladı. Bağladı ki, birdən ölümcül virus yayılar Avropanın canına. Öz rahatlığını narahatlığa dəyişmək istəmədi. Halbuki, minlərlə suriyalının yurd-yuvasının viran olmasında, onların narahatlığında Amerikanın da, Avropanın da öz payı var.

Dünəndən bəri dünyanın gündəmi Bakıda müzakirə olunur - “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumunda. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir.

4 ölkə prezidentinin, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndənin qatıldığı Forumda müzakirələrin ana xəttini dünyanın müxtəlif nöqtələrində gedən münaqişələr təşkil edir. Əsasən də Suriya, Ukrayna, Dnepryanı, Abxaziyada baş verənlər ətrafında müxtəlif fikirlər səslənir. Əgər münaqişələrdən danışılırsa, o zaman Azərbaycan 1990-cı illərin əvvəllərindən ermənilərin işğalı nəticəsində yaranan və hələ də həll olunmayan Dağlıq Qarabağ münaqişəsindən də danışılmalıdır.

Forumun “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda üçüncü sessiyasında Polşanın sabiq Prezidenti Bronislav Komorovski Dağlıq Qarabağ və Abxaziya münaqişələrini daha əvvəl baş vermiş münaqişə kimi, Ukraynadakı Krım məsələsini isə daha aktual və həlli vacib münaqişə olaraq qeyd etdi. Bu, onu göstərir ki, Avropa beynəlxalq müstəvidə münaqişələrin müzakirəsi aparılanda belə, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olaraq qalmasında maraqlıdır. Amma Qərb onu diqqətdən qaçırmış olur ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsinə ikili standarlarla, biganə yanaşacaq, öz daxilində buna bənzər hələ çox parçalanmalar, bölünmələr, münaqişələrlə üzləşəcək.

IV Qlobal Forumda Azərbaycan Prezidenti İlham Əliyev diplomatik qaydada qeyd etdi ki, “Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq”.

Bəli, dünya əgər ədalətdən danışırsa, Krım və Suriya məsələsində öz səsini ucaldırsa, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində də bir o qədər israrlı və maraqlı olmalıdır. Bu gün biz qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən ölkə kimi Avropanı başa düşməyə çalışardıq. Amma göstəricilər və nəticələr müqayisə olunmayacaq dərəcədə fərqlidir. O vaxt Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 1991-1992-ci ildə 7-8 milyon əhalisi var idi, 1 milyon qaçqının problemlərini həll etdi.

Avropanın bu gün 500 milyon əhalisi olduğu halda, 1 milyon miqrantın problemlərinin həllindən yayınır. Amma Azərbaycan Avropanın “ölünün paltarı” kimi yanaşdığı qaçqın probleminə həm qucaq açdı, həm də bu böyük çətinliyin öhdəsində gəldi. Burada söhbət sənin-mənim məsələmə çevirməkdən deyil, insani münasibətdən gedir.

Əgər dünya münaqişələrə beynəlxalq münasibətdən, beynəlxalq dəyərləndirmədən və dərhal çözümdən danışırsa, bu iradəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında niyə görmürük? Elə məhz buna görə də dövlət başçısı İlham Əliyev BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələrini xatırladaraq sərt mövqeyini Forumun tribunasından göstərdi: “Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür”.

Bəli, hadisələr göstərir ki, Qərbin Dağlıq Qarabağ münaqişəsi kimi problemlərə biganə yanaşması, bu cür siyasi iradəsi bir çoxlarına rəvac verəcək, bundan sonra da bənzər münaqişələr alovlanacaq. Çünki münaqişələr oxşardır. IV Qlobal Forumda gedən müzakirələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsindən başlayan düyün çözülərsə, digər münaqişələrin həlli də daha rahat olar.


Teqlər:





Xəbər lenti