Prezident viza prosedurlarını sadələşdirdi

Prezident viza prosedurlarını sadələşdirdi
  03 Mart 2016    Oxunub:1944
Azərbaycan prezidenti İlham Əliyev Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Viza almaq istəyənlər aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il mayın 15-dən iyunun 30-dək;

Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il iyunun 1-dən 20-dək;

“Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər - 2016-cı il iyunun 10-dan 20-dək.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir, habelə Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti