Əsrin ən böyük layihəsi: `Cənub Qaz Dəhlizi` nə vəd edir?

Əsrin ən böyük layihəsi: `Cənub Qaz Dəhlizi` nə vəd edir?
  02 Mart 2016    Oxunub:8612
Ötən gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Toplantıda hər bir ölkənin gördüyü və görəcəyi işlər, qarşıda duran çətinliklər barədə müzakirələr aparılıb.

Toplantıda çıxış edən Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur:

“Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır”.



İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən ölkə başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb.
Toplantıda çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin sözlərinə görə, Avropa İttifaqı enerji təhlükəsizliyini mühüm məsələ hesab edir.



Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edib.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.

Toplantının nəticləri göstərir ki, hazırda həm Aİ, həm ABŞ, həm də Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla başa çatdırılmasında daha çox maraqlıdır. Ötən gün baş tutan iclas barədə danışan siyasi ekspertlər də bu fikirdədirlər.



Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi gələcəkdə öz əhəmiyyətinə görə, “Əsrin Müqaviləsi”ni üstələyəcək:

“Bu layihədə Azərbaycanın təşkilatçı kimi rolu çox böyükdür. Məhz buna görə də ABŞ, Avropa İttifaqı Azərbaycana daha çox diqqət yetirməyə başlayıblar və Azərbaycanı strateji müttəfiq hesab edirlər. Hesab edirəm ki, bu layihə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bundan sonra enerji dəhlizi rolu daha da genişlənəcək”.

Q.Hüseynli, əlavə edib ki, “Şahdəniz-1” və “Şahdəniz-2” layihəsindən sonra Azərbaycanın Avropa bazarlarına 20 milyard kub metr qaz ötürmək imkanı olacaq: “Bu barədə İranla danışıqlar aparılıb. Rəsmi açıqlama olmasa da İran TANAP-a qoşula bilər. Hər halda Azərbaycan prezidenti İlham Əliyevin nikbin davranışından görünür ki, TANAP-a tezliklə İran və ya hansısa üçüncü ölkə qoşulacaq və beləliklə Avropaya 50 milyard kub metr qaz ötürmək imkanı yaranacaq. Bu isə Rusiyaya açıq alternativ deməkdir. Avropa açıq şəkildə bildirir ki, Rusiyanın qaz diqtəsindən, qazı siyasi alət kimi istifadə etməsindən çox narahatdır. Azərbaycana və onun müttəfiqlərinə isə Avropanın qazla təchizatında ciddi və önəmli bir ölkə kimi baxırlar”.

Politoloqun sözlərinə görə, ötən gün keçirilən toplantı və yekun bəyannamə Azərbaycanın dünyada diqqətində olduğunu göstərdi.

“ABŞ açıq şəkildə layihəni sona qədər dəstəkləyəcəyini bəyan edib. Bu vaxta kim layihəyə pessimist baxan Avropa ölkələri indi başqa planla çıxış edirlər.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, TAP layihəsinin reallaşması Avropa İttifaqı qədər ABŞ-ın da maraqlarına cavab verir:

“Vaşinqton Avropanın Rusiyanın enerji asılılığından azaldılmasını istəyir. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Ancaq bu gələcəyin işidir. Hələlik amerikalı diplomatlar Azərbaycan qazının Avropaya çatdırılması üçün Avropa paytaxtlarında lobbi fəaliyyətlərini genişləndiriblər. Məhz bu faktorun özü Azərbaycanla ABŞ arasındakı münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir. İlham Əliyevin martın sonlarında Vaşinqtona keçiriləcək nüvə təhlükəsizliyi konfransına dəvət edilməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti