Moqerini `buludsuz yağış` arzulayır...

Moqerini `buludsuz yağış` arzulayır...
  02 Mart 2016    Oxunub:3443
“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri heç bir praktiki əhəmiyyəti olmayan, sadəcə qulağa xoş gəlmək üçün deyilən sözlərdir”.
Bu fikirləri AzVision.az-a millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, Moqerininin Bakıda Qarabağla bağlı səsləndirdiyi fikirlər buludsuz yağış arzulamağa bənzəyir.

“Xanım Moqerini xristian klubunun təmsilçisi deyil, beynəlxalq normaları əsas götürən, insan haqq və hüquqlarına hörmət qoyan bir qurumun rəsmisi kimi çıxış etməli olsaydı, Minsk qrupunun BMT-nin təsis etdiyi format olduğunu vurğulamamışdan öncə, həmin Minsk qrupunun onu təsis edən BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin yerinə yetirilməsi üçün heç bir addım atmamasını pisləməli idi. Onun “Avropa İttifaqı sülh quruculuğuna və münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında birbaşa əlaqələrin qurulmasına istiqamətlənmiş bütün fəaliyyətləri dəstəkləməyə davam edəcək” sözlərinə gəldikdə bu da yenə işğalı və işğalçını görməzlikdən gəlməkdir”-deyə deputat vurğulayıb.



S.Alıyev hesab edir ki, münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında əlaqə qurmazdan öncə, münaqişə nəticəsində yurdlarınadan didərgin düşmüş insanların həmin torpaqlara qaytarılmasına çalışmaq lazımdır.

Qeyd edək ki, Bakı səfəri zamanı F.Moqerini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. O, bildirib ki, münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritet olaraq qalır.

Moqerini, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır. Onun sözlərinə görə, Aİ sülh quruculuğuna və münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında birbaşa əlaqələrin qurulmasına istiqamətlənmiş bütün fəaliyyətləri dəstəkləməyə davam edəcək: “Bu cür fəaliyyətlər və Minsk qrupunun səyləri arasında ziddiyyət yoxdur; hər ikisi uzunmüddətli barışıq üçün əhəmiyyətlidir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti