Prezident valyuta cəriməsinə niyə veto qoyub?

Prezident valyuta cəriməsinə niyə veto qoyub?
  01 Mart 2016    Oxunub:2101
Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində yüksək cərimənin tətbiqinə veto qoyub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısı bundan öncə “Valyuta tənzimi haqqında” qanun layihəsinə veto qoyub, bu baxımdan ona uyğunlaşmış İnzibati Xətalar Məcəlləsi də dəyişməli idi:

“İnzibati Xətalar Məcəlləsinin 222.5.6 maddəsində vətəndaşlar kart vasitəsilə ödəniş etdikdə icbari yığımın tutulmasından söhbət gedirdi. Bu yığım tutulmadıqda 222.5-ci maddəyə əsasən vətəndaşlar köçürülən pulun miqdarında cərimə olunurdular. 222.6 maddədə isə buna nəzarət edə biləcək müvafiq banklar inzibati qaydada cərimələnirdi. “Valyuta tənzimi haqqında” qanunun həmin maddəsinin cənab prezident məqsədəuyğun hesab etməmişdi. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində də ona uyğunlaşdırılmış maddə dəyişdirilməli idi. 222.5 və 222.6-ci maddə məqsəduyğun olmadığı üçün cənab prezident tərəfindən müraciət göndərilib.

Bu da təbii ki, parlament tərəfindən dəstəklənəcək. Hesab edirik ki, hazırki durumda ölkəyə investisiya yatırmaq istəyən insanların, ölkədən kənarda iş quran insanların fəaliyyətinə mane olmaq mümkün deyil. Bu baxımdan “Valyuta tənzimi haqqında” qanuna və ona uyğunlaşdırılmış İnzibati Xətalar Məcəlləsində valyutaların ölkədən çıxarılmasına tətbiq edilə biləcək hansısa inzibati cəzaların aradan götürülməsi məqsədəuyğun hesab olunub”.

Qeyd edək ki, Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş yeni cərimənin tətbiqinə veto qoyub. Söhbət ölkədən kənara valyuta köçürülərkən ödənilməli olan icbari yığımdan yayınan vətəndaşlara qoyulacaq cərimədən gedir.

Xatırladaq ki, yanvarın 19-da Milli Məclis «Valyuta tənzimlənməsi haqqında» qanuna dəyişikliklər etmişdi. Dəyişikliklərə görə, ölkədən vadyuta çıxaran şəxslər həmin məbləğin 20%-i qədər dövlət büdcəsinə icbari yığım ödəməli idilər. Paralel olaraq Milli Məclis İnziati Xətalar Məcəlləsinə də dəyişiklik etdi və məcəlləyə bu qaydaya əməl etməyənlər üçün cərimələr daxil edildi. İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavəyə görə, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğ qədər cərimə ödəməli idi.

Amma, məlum olduğu kimi, prezident “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri təsdiqləməyib. Dövlət başçısı bu qərarın investorlara mənfi təsirini nəzərə alaraq qanuna veto qoyub və dəyişikliklərin ləğv edilməsi ilə bağlı Milli Məclisə etiraz ünvanlayıb. Bu etirazı nəzərə alan Milli Məclis özü də “Valyuta tənzimi haqqında” qanuna etdiyi dəyişiklikləri ləğv edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti