`Mənəvi cəhətdən bir-birimizi əzməməliyik` - Səyyad Aran

`Mənəvi cəhətdən bir-birimizi əzməməliyik` -  Səyyad Aran
  01 Mart 2016    Oxunub:3114
“Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsinə dair aidiyyatı qurumlarda müzakirələr apaılır”.
Bu barədə AzVision.az-a Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran bildirib.

Onun sözlərinə görə, qanunda qadağalarla bağlı məsələ sərt qoyulmayıb: “Bu ölü sahibinin arzusu, istəyi ilə bağlı olan məsələlərdir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi olaraq biz yalnız tövsiyyələr verə bilirik. Bir çox məsələlər var ki, bunlar olduqca həssas mövzulardır. Odur ki, biz ayrı-ayrı şəxslərə, hətta ayrı-ayrı qurumlara hökm verə bilmirik. Bu səlahiyyətdə deyilik. Qəti qərar söyləmək üçün zamana ehtiyac var”.

Dəbdəbəli yas mərasimləri ilə bağlı əhaliyə tövsiyyələr verildiyini deyən Komitə rəsmisinin sözlərinə görə, insanlar yas məclislərində, qəbir daşlarının qoyulmasında bir-birilərini mənəvi cəhətdən əzməməlidir.

Birinci və İkinci Fəxri Xiyabanda artıq qəbir standartlarının tətbiq olunduğunu deyən Səyyad Aran başqa qəbristanlıqlarda belə bir standartın tətbiq olunmadığını söyləyib.

“Bu məsələlərin həlli ilə bağlı səlahiyyətimiz yoxdur. Əgər bütün bu deyilənlər qanun formasına düşəcəksə, bununla əlaqədar orqanlar məşğul olacaqlar. Biz məsələ qaldırmışıq. Qanun qəbul etmək isə Milli Məclisə həvalə olunub”.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:





Xəbər lenti