Mətbuat Şurası şikayətlərə baxdı
Qafqaz Müsəlmanları İdarəsinin «Reytinq» qəzeti barədə müraciətinin müzakirəsində mətbu orqanın bu qurum və onun rəhbəri barədə dərc etdiyi yazıda şərəf və ləyiqətin təhqirinə, ictimai nüfuzun aşağılanmasına yönələn fikirlərin yayımlandığı göstərilib. Çıxarılan rəydə mətbu orqana qarşı tərəfdən üzr istəməsi, təkzib verməsi tövsiyə olunub.
«European Tobacco-Bakı» ASC-nin sədri, millət vəkili Rüfət Quliyevin «Poliqon» İnforsmasiya Agentliyi (Pia.az) barədə müraciəti araşdırılarkən xəbər portalının rəhbərliyi şikayətə səbəb olan yazının başqa KİV-dən götürüldüyünü deyib. Lakin onun nəzərinə çatdırılıb ki, bu zaman sərlövhədəki aşağılayıcı ifadənin orada getməsinə imkan verilməməli idi. Buna əməl edilmədiyindən peşə etikasının tələbləri pozulub. Komissiya həmin saytın da qarşı tərəfdən üzr istəməsini, təkzib verməsini məqsədəmüvafiq sayıb.
Bir qrup ziyalının «Azadlıq» qəzeti və «Moderator.az» saytı barədə müraciətinə baxılarkən müəyyən məqamlara diqqət yetirilib. Bildirilib ki, görkəmli şəxsiyyətlər bütövlükdə xalqa məxsus olduğundan, iftixarı sayıldığından onlara hər bir yazar, kütləvi informasiya vasitəsi həssaslıqla yanaşmalıdır. Bəzi KİV-lərdə gedən materialda bu ümummilli marağın gözlənilməməsi haqlı narazılıqlara səbəb olur.
Komissiya mediada M.Ə. Rəsulzadə haqqında gedən fikirlərə də məsuliyyətlə yanaşmanın vacibliyini KİV-lərin nəzərinə çatdırıb. «Azadlıq» qəzetinə və «Moderator.az» saytına qarşı tərəfin mövqeyini təqdim etmək tövsiyə olunub.