`Nazir ayaqqabı almaq üçün mənə pul verdi` - Müsahibə

`Nazir ayaqqabı almaq üçün mənə pul verdi` - Müsahibə
  29 Yanvar 2016    Oxunub:12068
“Qadınlar ancaq şəkil çəkdirmək üçün gəlirlər...”

AzVision.az müxtəlif peşə sahibləri ilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Sima Səfərovadır. O Fövqaladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətində xilasedici alpinisti kimi çalışır. Rütbəsi gizirdir.

-1990-cı ildə Bakı şəhərində anadan olmuşam. İxtisasım ingilis dili üzrə filoloqdur. Qərb Universitetinin məzunuyam. Bir neçə il tərcüməçi işləsəm də, alpinizmə həmişə marağım olub. Alpinizmlə tələbəlik vaxtından məşğul olmağa başlamışam. Bundan əlavə Karate idman növü ilə məşğul olmuşam.

-Alpinizmə maraq göstərməyinizə səbəb nə idi?

- Universitetdə oxuyarkən bu idman növü üzrə yarış keçirildi. Mən də özümü sınamağa çalışdım. İlk dəfə yarışa qatıldım. Sözün düzü, yarışda heç nə edə bilmədim. Birinci dəfə buz görürdüm. Mənfi 20 dərəcə soyuqda nə edəcəyimi bilmirdim. O vaxtlar Azərbaycanda alpinizmin varlığından xəbərim yox idi. Yarışdan sonra universitetin klubuna yazıldım və mütəmadi məşqlərə başladım.

2012-ci ildə qayayadırmanma üzrə 3-cü yer tutmuşam. Bundan sonra milli komandaya dəvət aldım. Özümü daha da təkmilləşdirdikdən sonra yarışlarda iştirak etməyə icazə verdilər. İndiyə kimi çox ölkədə yarışlarda iştirak etmişəm. Bir neçə il öncə Fransada keçirilən yarışa da qatılmışdım. Gənclər və idman naziri Azad Rəhimov komandamıza ürək-dirək verərək, qalib gələcəyimizə inandığını deyirdi. Heç vaxt yadımdan çıxmaz, mənim ilk dırmanma ayaqqabılarımın pulunu Azad Rəhimov vermişdi.



- Bu idman növündə hansı uğurlarınız olub?

- Alpinizm Azərbaycanda bir neçə ildir inkişaf edir. Bu idman üzrə ölkəmizədn beynəlxalq yarışlardan yüksək yer tutan idmançı yoxdur. Bizdə Hava və Ekstremal İdman Növləri Federasiyası 2005-cu ildə yardılıb. Qalib gəlmək üçün bizə yaxşı məşqçi lazımdır.
Biz pərakəndə, öz bildiyimiz kimi məşq edirik. Bir çox problemlərimiz var ki, onlar həll edilməyincə, uğur qazana bilməyəcəyik.

- Harada məşq edirsiniz? Sizin üçün xüsusi yerlər ayrılıbmı?

- Qışda idman zalında, yay aylarında isə “Beşbarmaq” və Nardaranın qayalıqlarında məşqlər edirik. Arada Qobustana da gedirik.

- FHN-ə gəlişiniz necə oldu?

- İşə müsabiqə yolu ilə qəbul oldum. Tələb olunan normativi yerinə yetirdikdən sonra, sənədlərimi qəbul etdilər. İşindən çox razıyam, bu sənəti çox sevirəm.



-Bilmək olar maaşınız nə qədərdir?

- Maaşım az olsa da, işimi sevirəm, peşman deyiləm.

İşim alpinizmlə bağlı olduğuna görə yarışlara qatılmaq, idmanla məşğul olmaq mənim üçün daha rahatdır.

- Ailədə sizdən başqa bu idman növü ilə məşğul olan varmı?

-Atam əvvəllər karate ilə məşğul olub. Hələki alpinizmlə məşğul olan yoxdur.

- Peşəniz maraqlı olsa da, çox təhlükəlidir. Bu, sizin üçün çətin deyilmi?

-Bəli, çox təhlükəlidir. İşimə görə dəfələrlə zədə almışam. Qollarım, ayaqlarım gömgöydür. Gülməli görünsə də, buna görə 3-4 ildir ki, yubka geyinə bilmirəm. İstifadə etdyimiz alətlər təhlükəlidir. Xırda bir səhvlə zədələnə bilərsən. Mümkün qədər ehtiyatlı olmağa çalışıram. İşim çox çətindir.



-Bu peşəni seçməyinizə ailənizin münasibəti necədir?

- Atam mənə qəti şəkildə mane olmur, əksinə idmanla məşğul olmağım onun xoşuna gəlir. Anam isə etiraz edirdi ki, bu qız işi deyil, özünə yaxşı iş tap. Mənə elçi gələndə, anam idmanı atacağını deyirdi.

- Hazırda suyabsınız, yoxsa ailə həyatı qurmusunuz?

- Nişanlıyam. Nişanlım Mustafa tələbə yoldaşımdır. O, məni həmişə belə görüb, alpinist olmağıma etiraz etmir. Arada mənimlə birlikdə dağa gedir.



- FHN-dəki iş rejiminiz necədir?

- Səhər saat 8:30- da işdə oluruq. Normativləri veririk. Sonra çağırışlar gəlirsə gedirik, çağrışlar olmayanda təlimlərdə iştirak edirik. İstənilən təhlükəli çağırışlara gedirik. Mən əsasən qadınları xilas edirəm. Lazım gələndə, oğlanlara da kömək edirəm.

İşə yeni başlayanda bir az qorxurdum. Öz həyatımızdan çox başqasının həyatına görə narahat oluruq.

-İştirak etdiyiniz əməliyyatlar zamanı yadınıza hansı hadisələr qalıb?



- Çağırışların çoxu intihar hadisələri ilə bağlı olur. Deməm olar ki, eyni problemlə üzləşirik. Gənclər sevgililərinə, nisbətən yaşlı insanlar isə maddi problemlərinə görə intihara cəhd edirlər. Qızlar intihar etmək istəyəndə əsəbiləşirəm. Həyatını kiməsə görə qurban vermək ağılsızlıqdır.

-Alpinizmin gələcəyi ilə bağlı nə düşünürsən?



-Alpinizmin Azərbaycanda inkişaf etməsini istəyiməm. Bunun üçün əlimdən gələni edirəm. İstərdim ki, qadınlarımız da bu idman növünə maraq göstərsinlər. Qadınlar bura ancaq şəkil çəkdirmək üçün gəlirlər. Sağlamlıq baxımdan çox sağlam idmandır. Həm fiziki, həm də əqli cəhətdən xeyirlidir.

Şahanə Rəhimli

Qalereya




Teqlər:  





Xəbər lenti