Sürücülərin böyük problemi həll edildi

Sürücülərin böyük problemi həll edildi
  14 Yanvar 2016    Oxunub:3849
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur.

Dəyişikliyə əsasən sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə “MMX protokol” kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əgər MMX protokol bir ay müddətində “elektron kabinet”də yerləşdirilməzsə, həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun fikrincə, bundan sonra MMX ilə qeydə alınan qayda pozuntusu vaxtında sistemə köçürülməli olacaq. Həmin müddət keçəndən sonra sürücü cərimə ödəməyəcək: “Burada əsas məqsəd odur ki, orada olan ləngimələr, süründürməçilik tam aradan qaldırılsın. Qanun qüvvəyə minəndən sonra sürücülərin üzləşdiyi problemlər həll ediləcək. Bundan əvvəl sürücünün törətdiyi qanun pozuntusu kamera, radarla qeydə alınırsa, elektron protokol yazılırdı. Yeni layihəyə əsasən bu protokol 1 ay müddətində sürücünün görə biləcəyi elektron sistemə yerləşdirilməlidir”.

Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal “ASAN ödəniş” sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir.

Bu məsələ əvvəllər bir sıra problemlər yaradırdı. Belə ki, sürücünün cəriməsi bəzən 3 ay, 1 il müddətindən sonra qeydə alınırdı. Bu isə bir sıra narazılıqlar yaradırdı. Yeni layihənin tətbiqi qayda pozuntularının vaxtında və operativ qeydə alınmasına kömək edəcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti