`Həbsxana mənə çox şeyi öyrətdi` - Fariz Məmmədov
Azərbaycan əsgəri. 12 yaşımdan da döyüşçü həyatı yaşayıram. Hazırda rinqlərin əsgəriyəm. Bir şeyi yadımdan çıxarmıram və gənclərə də tövsiyyə edirəm ki, millətimizə layiqli övlad olaq.
- İstərdim ki, uşaqlıq illərindən danışaq.
Qarabağlıyam. Uşaqlığım Ağdamda keçib. Uşaqlıqdan idmanla məşğul olurdum. Uşaqlığım Qarabağ müharibəsi illərinə düşdü. 12 yaşım olanda müharibə başladı. Sanki, qəfil böyüdüm. İstərdim ki, o illərə qayıdıb məktəbdə oxuyum, müəllimlərlə yaxşı münasibətdə olum. 5- ci sinifdə oxuyanda məktəbi tərk etdik. Həmyaşıdlarım digər rayonlarda məktəb çantası daşıyanda, mən böyük qardaşlarımla müharibəyə getdim. 745 nömrəli batalyona qoşuldum. Milli Qəhrəman Allahverdi Bağırov adına könüllülər dəstəsi idi. Getdim oraya və dedim ki, mən də, vuruşmaq istəyirəm. Bütün döyüşçülər başıma yığışdı. Onlar bunu təəccüblə qarşıladı və sevindilər. Mənim ölçümə uyğun paltar, ayaqqabı və avtomat verdilər. Onlardan xahiş edirdim ki, məni tanka, BRDM-ə mindirin. Ən qızğın döyüş yerlərinə gedirdik. Mənim uşaqlığım budur. Avtomatla, döyüşlə, müharibə ilə dolu. Başqa uşaqlığım yoxdur. Uşaqlığımı yaşamamışam.
- Kimlərlə çiyin-çiyinə döyüşmüsünüz?
Dostlarım Elxan, Natiq idi. İdmançı uşaqlardır. Hərdən onlara deyirəm ki, artıq böyümüşəm, mənim uşaqlığımdan danışın. Onlarla bir yerdə qalırdıq. Onlardan çox şeylər öyrənmişəm.
- Müharibə illərində elə bir hadisə oldu ki, siz onu hələ də unuda bilməmisiniz?
Əlbəttə, müharibə elə bir şeydir ki, özü ilə acı xatirələr qoyur. 1992- ci ildə qardaşım məni özü ilə döyüşlərin ən qızğın yerinə apardı. Yadımdadır, bizim 5 postumuz var idi. Ermənilərlə aramız 1 kilometr idi. Onlar oradan bizə qışqırırdılar. “A, molla” deyirdilər. Biz də, onlara. Həmin vaxt məni kənarda saxlayırdılar. Gecə güclü atışma oldu. Əmirallar kənd savetinin rəhbəri Rəhman müəllim gəldi. Məni orada gördü və qışqırdı ki, sən burada nə gəzirsən. Məni maşına oturdub qərargaha gətirdi. Bizim həmin ərazidə bir BRDM-iz var idi. Biz ermənilərə qarşı siyasət işlədirdik. Bir BRDM- dən müxtəlif istiqamətlərdə atəş açırdıq. Guya ki, bizim bir neçə belə zirehli maşınımız var. Həmin vaxt uşaqlar BRDM-ə minib döyüşə gedirdilər. Mən də onlarla getmək istəyirdim. Amma məni qoymadılar. Məni Rəhman əmi kəndə gətirdi. Yolda gələndə gördük ki, ermənilər həmin BRDM-i qarşı tərəfdən vurublar. Bütün heyət şəhid olub. Onları qrantamiotla vurmuşdular. Orada bizim canavar kimi oğlanlarımız şəhid oldu. Həmin mənzərəni unuda bilmirəm. Mən də, onlarla getsəydim, şəhid olacaqdım. Görünür, bu, qismətim olmayıb. Müharibədən sonra mən qaçqınlıq həyatı yaşadım. Uzun, qaranlıq bir həyat yolum başladı.
- Siz orada erməni meyidləri görürdünüzmü? Daha çox hansı tərəf itki verirdi?
Erməni meyidləri qarşı tərəfdə qalırdı. Ona görə də erməni meyidi görə bilmirdik. Amma hər iki tərəf itki verirdi. Ağdam rayonun Naxçıvani və başqa iki kəndi ermənilərdən aldıq. Ermənilərin bütün qüvvələrini darmadağın etdik. Milli Qəhrəman Allahverdi Bağırov komandirimiz idi. Bizim o vaxtlar indiki kimi güclü ordumuz yox idi. Məhdud güc ilə düşməni darmadağın etdik. Biz türkün gücünü onda göstərdik. Türk ulu xalqdır. Bizim qanımızda döyüş ruhu var. Allah bizi bu dünyaya məhz bunun üçün gətirib.
- Bu qədər igid və döyüşkən oğulları olan bir xalq niyə döyüşdə uduzsun?
Biz uduzmamışıq. Döyüşü uduzmaq müharibəni uduzmaq deyil. Biz türkük. Türkün qarşısında erməni dayana bilməz. Siyasətdən danışmaq istəmirəm. Onu deyim ki, biz erməniyə qarşı yox, böyük dövlətlərə qarşı vuruşmuşuq. Bu gün bizim Ali Baş Komandan əmr versə, torpaqlarımızı şərtsiz azad etməyə hazırıq. Bunu tam səmimiyyətlə deyirəm. Bu gün mən ordumuzun gücündən xəbərdar biri kimi deyirəm. 10 gün ərzində İrəvana gedib çıxarıq.
- Sizin adınız 12 yaşında müharibədə döyüşən qəhrəman oğul, həmçinin, ilk peşəkar boksçu və müəyyən qalmaqallı hadisələrdə hallandı. Bunlar ziddiyət deyilmi?
Maraqlı həyat yaşamışam. Arxaya baxmağa qorxuram. Çünki, ağır həyatım olub. Necə oldu ki, bu aləmə düşdüm?
Hər yaşın öz həyatı var. Uşaq vaxtlarımda müharibədə, gənc yaşlarımda həbsdə. Doğurdan da, maraqlı həyatdı. Sən həyata bax... Həbsxana elə bir həyatdır ki, ağıllı insanlar üçün ən yüksək mərtəbə, ağılsız insanlar üçün ən aşağı mərtəbədir.
Necə oldu mən həbsxanaya düşdüm...Məncə, ora düşməli idim. Elə bir həyat yaşayırdım ki, bu olmalı idi. Günahım var idi. Hər şey haqq-ədalətlə idi.
- Həmin illər sizə nəyi öyrətdi?
O illərdən çox danışmaq istəmirəm. Orada düşünməyə vaxtım çox oldu. Elə bir həyat yaşayırsan ki, 24 saat azadlığın əlindən alınıb. Səmaya baxırsan, amma qaranlıq içində boğulursan. Həbsxana mənə düşünməyi və nəticə çıxarmağı öyrətdi.Orada doğma qardaşın belə, sənə yad olur. Çox şey öyrətdi mənə həbsxana. Ora akademiyadır. Hesab edirəm ki, maraqlı həyat yaşadım və o həyatı 5-lə qurtardım. Yoxsa, mən bu gün ayaqda olmazdım. Mənim daha səhv etməyə haqqım yoxdur.
- Həbsxanadan azad olduğunuz günü necə xatırlayırsınız? Nə hisslər keçirdiniz?
Səhər saat 6 idi. Sübh namazından sonra çıxdım. Həyəcanla gözləyirdim. Mən həbsdə olanda dustaq olmağımla razılaşmırdım. Ancaq fikirləşirdim ki, mən çempionam. Orada rəislər mənə deyirdilər ki, vaxt var idi, biz sənə ayaqüstə əl çalırdıq. Mən onlara söz verdim ki, yenidən çıxıb sizə qələbə bəxş edəcəm. Amma onlar inanmırdılar. Azadlığa çıxan gün dostlarım məni qarşıladı. İstədim ki, onlarla ayaqlaşam. Mən də, iri addımlarla gedəm. Amma ayağım büdrədi. Azadlığın havası məni vurdu. Yerişimi itirirdim. Azadlıq gözəl nemətdir. Onu yaşamaq lazımdır.100 il əsarət altında yaşamaqdansa, bir gün azad həyat yaşamaq şərəfdir.Allaha şükür olsun.
“Həmin vaxt bir daha fəxr etdim ki, azərbaycanlıyam, türkəm...”
- Kimlər sizə dəstək oldu?
Əvvəlcə bir tövsiyyəmi gənc idmançılara deyim. Heç vaxt yolunuzdan çıxmayın. Çünki, sonra gec olur. Mənə dövlətim və dövlət işində işləyən dostlarım dəstək oldu. Onlar məni cinayətkar kimi yox, idmançı kimi qarşıladılar. Bir neçə aydan sonra, mən qəhrəman kimi qayıtdım. 10 minlərlə insan məni qarşıladı. Ağdamın fəxri sakini adı verdilər. Dövlət mənə ev, iş verdi. Olanlara inanmırdım və gözləmirdim. Dövlət vətəndaşını atmadı, əksinə onu qaldırdı. Mən niyə bu dövləti sevməməliyəm?! Buna haqqım yoxdur. Mənə hiss elətdirmədilər ki, mən 7 il həbsdə olmuşam. Həmin vaxt mən bir daha fəxr etdim ki, azərbaycanlıyam, türkəm. Ona görə də, bu dövlət və xalq uğrunda canımı qurban verməyə hazıram.
- Özünüzü həbsdə nə dərəcədə təqsirli bilirsiz?
Əlbəttə, təqsirim var idi. Bu 7 il elə mənim əynimə biçilmişdi.
- Sizi daha da qəhrəmanlaşdıran bir hadisə erməni idmançısı Tomasyanla döyüşdə qələbəniz oldu. Erməniyə zərbələri endirərkən hansı hissləri keçirirdiniz? Qarabağ, Ağdam, Xocalı və s. gözününün önündən keçdimi?
Əslində, çətin sualdır. Nə hiss etdim...Yanvar ayının sonu həbsxanadan azad oldum. Fevralda sənədlərimi hazırlayırdım. Martda atamın rəhmətə getməyindən 1 il keçirdi. Həmin döyüşə fiziki cəhətdən 90 fazir məğlub, mənəvi və psixoloji cəhətdən 100 faiz hazır idim. Həmin vaxt qarşımda divar olsa belə qırıb keçərdim. Döyüşdə olanda sanki əl mənim deyildi, Tanrının gücü idi.
- Niyə məhz erməni ilə döyüş? Bu, təsadüf idi, yoxsa...
Döyüş barədə deyim ki, bizə döyüşmək üçün 4 idmançı təqdim edilmişdi. Döyüş Almaniyada keçirilirdi. Telefonda menecerlər mənə dedilər ki, rəqiblərdən biri ermənidir. 7 il idi ki, həmin günü gözləyirdim. Qalib gələcəyimə əmin idim. Erməni diasporu yarışmada iştirak edirdi.Yəqin ki, atmosferi təsəvvür edirsiniz. Mən hesab edirəm ki, bu, Allahın mənə verdiyi qismətdir.
- Axırıncı dəfə Ağdamda nə vaxt olmusuz?
Ağdamdan bu ilin aprelində gəlmişəm. Ağdamda Qəbələ idman klubunun dəstəyi ilə boks məktəbi açmışıq. Allah bu klubun rəhbərliyinin canını sağ etsin, mənə çox dəstək olurlar. Orada elə uşaqlar məşq edir ki, Farizdən qat-qat güclüdürlər. Belə də olmalıdır. Ağdam düşmənlə sərhəd rayonudur. Ona görə də, uşaqlara belə şərait lazımdır. Ona görə, tez-tez gedirəm.
- Dünya arenasında tanınmış boksçulardan dostlarınız varmı?
Ukraynada daha çoxdur. Həm də, o milləti çox sevirəm.Mən məşqimin çox hissəsini orada keçirirəm. Kliçkonun meneceri ilə tanışıq.
- İstərdim,din məsələsinə də toxunaq. Bildiyimə görə, siz də ibadət edən müsəlmansınız. Ölkəmizdə baş verən müəyyən xoşagəlməz hadisələr oldu. Sizin münasibətiniz necədir?
Yəqin ki, Nardaran hadisələrini nəzərdə tutursunuz. Həmin vaxt ölkədə deyildim. Amma eşitdim. Onlar dindar deyil. Elə dindar olmur. Dində deyilir ki, özündən böyük hakimlərə, başçılara rəhbərlərə itaət et, tabe ol. Onlar müəyyən qruplaşmanın üzvləridir. Niyə də, tabe olmamalıyıq? Niyə görə, onlara qarşı çıxmalıyam?
“2016- cı ildə toy edəcəyəm...”
- Yaşınız artıq 35-i keçir. Ailə həyatı qurmaq haqqında düşünmürsüz?
Belə bir anlayışım var. Nə qədər əlimdə boks əlcəyim, əynimdə şortik varsa, ailə həyatı qurmaq istəmirəm. Bildiyiniz kimi, bu yaxınlarda bir döyüşüm nəzərdə tutulur. O, döyüş mənim son döyüşüm olacaq. İstəyirəm ki, 14 il gözlədiyim bir döyüşü qələbə ilə sona çatdırıb, yaxşı bir nida qoyub, boksdan gedim. Daha sonra ailə həyatı quracam. Yaxşı bir toy edəcəm. 2016- cı ildə siz həm son döyüşümü, həm də, toyu görəcəksiniz.
Miri Məcidli