“Azadlıq”dakı hərbi paraddan FOTOSESSİYA

  26 İyun 2013    Oxunub : 3813
“Azadlıq”dakı hərbi paraddan FOTOSESSİYA
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların başçıları, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamlayıb. Azərbaycanın dövlət himni ifa edilib. Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib. Bundan sonra sonra hərbi parad başlayıb.

Paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edib. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.

Hərbi paradda ölkəmizdə istehsal olunan hərbi texnika və silahlar da nümayiş etdirilib. Paradda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və vertolyotlar da keçid edib. Təntənəli hərbi keçid təyyarələrin Azərbaycan bayrağının rənglərini səmada tüstü ilə yazmasından sonra yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi paradda 5000-dən çox şəxsi heyəti iştirak edib.

Belə ki, parad son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalıb. Hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunub.

Anar Kəlbiyev
Elnur Muxtar

Foto


Teqlər: